İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov 10 saylı cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalıb.
Həbsxanada ailəsi ilə görüş zamanı ictimai fəal bildirib ki, 10 saylı cəzaçəkmə müəssisəsinə gətirilən kimi orada zorakılığa məruz qalıb, cərimə kamerasına (“kars”) salınıb:
“Orada Ayxan yoxlanışdan keçib, üstündəki dərmanları soruşublar ki, nə üçündür? Ayxan da ayağında xəstəlik olduğunu, buna görə dərman qəbul elədiyini deyib. Müəssisənin əməkdaşları dərmanları götürmək istəyəndə Ayxan etiraz edib. Etirazına görə onu dəhşətli şəkildə döyüblər. 15 dəfə üzünə şillə vurublar, sinəsindən yumqurlayıblar. Sonra da “kars”a salıblar. Evə zəng etməsinə də icazə verilməyib. 14 gün onu “kars”da qeyri-insani şəraitdə saxlayıblar. Yemək verilməyib. Bu müddətdə cəmi 4 yumurta ilə qidalanıb”.
Ailəsinin dediyinə görə Ayxan İsrafilov çox çəki itirib. Məruz qaldığı zorakılıq və davamlı aclıq nəticəsində səhhətində problemlər yaranıb.
Hal-hazırda fəal “kars”da saxlanılır, müəssisədəki digər məhkumların saxlanıldığı yerə buraxılmayıb.
Foto: Ayxan İsrafilov