Bir ildir ki, Azərbaycanda müstəqil mediaya qarşı repressiya dalğası aparılır.

Jurnalistlər və media işçiləri təqib edilir, həbs olunur, müxtəlif təzyiqlərə və işgəncələrə məruz qalırlar. Bununla yanaşı, bir çox media işçisi Azərbaycanda baş verən hadisələri müstəqil şəkildə işıqlandırmaq üçün ölkəni tərk etməli olur və fəaliyyətini sürgündə davam etdirməli olur.

 

Media qanunu

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanun qəbul edib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev bu qanunu təsdiqləyib.

Qanunda media orqanlarının qeydiyyatı və maliyyələşməsi məsələləri əhatə olunub. Media orqanlarının dövlət reyestrindən keçirilməsinin vacibliyi qeyd olunsa da, dövlət orqanları bəzi azad media orqanlarını qeydiyyata almaqdan imtina edib. Qeydiyyatdan keçməyən media orqanları isə maliyyələşmə ilə bağlı çətinliklərlə üzləşirlər.

 

 Foto: Azərbaycanın ”Media qanunu” müstəqil  jurnalistlərin işini daha da çətinləşdirib 

 

2022-ci ildə qüvvəyə minən qanun, 2023-cü ildə jurnalist həbsləri və onlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamları ilə öz praktiki tətbiqini nümayiş etdirib. Müstəqil ekspertlərin fikrincə bu qanun ölkədə azad medianın susdurulması məqsədilə qəbul olunub. Bu qanunun verdiyi imkanlar vasitəsilə jurnalistika fəaliyyətilə məşğul olan qurum və fərdlərin fəaliyyəti kriminallaşdırılaraq, siyasi həbslərə hüquqi don geydirilib.

 

“Abzas Media” işi

2023-cü il noyabr ayının 20-dən etibarən “AbzasMedia” müstəqil media plaftormasının rəhbərliyinə və jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb.

İlk olaraq 2023-cü il 20 noyabr tarixində “AbzasMedia”nın baş direktoru Ülvi Həsənli saxlanılıb və “AbzasMedia”nın ofisində axtarışlar aparılıb. Ofisdə 5 saat davam edən axtarış nəticəsində polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığı bildirib.

Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabr ayının 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi havalimanında saxlanılıb. O, həbs ediləcəyini bildiyinə baxmayaraq, Ülvi Həsənlini tək qoymayacağını deyərək Bakıya gəlmişdi. Sevinc Vaqifqızı həbs edilməsinin korrupsiya araştırmaları ilə bağlı olduğunu bildirib.

Bundan sonra da Abzas Media işçilərinə qarşı həbs dalğaları davam edib. Abzas Media ilə əməkdaşlıq edən bir çox jurnalist dindirilib və nəticədə baş direktorun müavini Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə

Qasımova həbs ediliblər. Bununla yanaşı, 2024-cü il may ayının 30-da “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Foto: ”Abzas Media”nın həbs olunan əməkdaşları öz peşə fəaliyyətlərinə və araşdırma yazılarına görə həbs olunduqlarını deyiblər.

 

“Kanal 13” iși

Kanal 13 müstəqil media qurumunun rəhbəri Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanıb, onun evində və “Kanal 13”ün ofisində axtarış aparılıb. Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparma) maddəsi ilə ittiham verilərək haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan ona “qabaqcadan əlbir olmaqla külli miqdarda qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

“Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən Şamo Eminov dekabrın 22-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

   

Foto: ”Kanal 13” media qurumunun həbs rəhbəri Əziz Orucov

 

“Toplum TV” işi

2024-cü il mart ayının 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV-nin ofisinə basqın edilib. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılıb.

Toplum Tv işi üzrə saxlanılan Ələsgər Məmmədli, Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar, Ruslan İzzətli həbs ediliblər. Bunlardan əlavə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da həbs edilib.

“Toplum Tv işi” üzrə həbs edilənlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Xətai Rayon Məhkəməsi “Toplum TV işi”nə görə saxlanılan Fərid İsmayılov və Elmir Abbasov barəsində polis nəzarətində qətimkan tədbiri seçib.

Toplum TV-yə cinayət işi açıldıqdan sonra bu medianın sosial media səhifəsi ələ keçirilib və burada yaydıqları materiallar silinib.

 

     

Foto: ”Toplum TV” işinə görə həbs olunanlar qaçaqmalçılıqla ittiham olunurlar

 

“Məclis.info”

Məclis.info media platformasının rəhbəri İmran Əliyev 18 aprel 2024-cü ildə Bakı hava limanında saxlanılıb. Aprelin 19-u Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.

İmran Əliyevə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.

İmran Əliyevin yaxınları bildiriblər ki, aprelin 19-da o, Xətai rayon Məhkəməsində (həmin gün haqqında həbs qərarı verilib) bildirib ki, Bakı Baş Polis İdarəsində işgəncəyə məruz qalıb. Yaxınları əlavə edib ki, Əliyevin vurğulamasına görə, məhkəmədən sonra o, Xətai rayon Polis İdarəsinə aparılıb və orada işgəncələrdən şikayət etdiyi üçün yenidən döyülüb: “Onu hansısa sənədi imzalamağa məcbur ediblər”.

 

       Foto: ”Məclis.info” saytının rəhbəri İmran Əliyev də həbs olunanlar arasındadır

 

Siyasi məhbus ölkəsi

İnsan haqları təşkilatlarının məlumatına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus var. Bu siyahıdakı 30-a yaxın məhbus jurnalistika fəaliyyətinə görə həbs edilib.

Reallıqda isə vəziyyət statistik rəqəmlərdən də pisdir. Polis qısa müddət də olsa müstəqil media ilə işləmiş insanları təqib edir. Ölkədə yaşayan media işçilərinin, ictimai və siyasi fəalların, insan haqları müdafiəçilərinin, QHT işçilərinin həm rəqəmsal, həm də fiziki təhlükəsizliyi ciddi problemlərlə üzləşib. Bu kimi hallar fəaliyyəti məhdudlaşdırılan və həyati təhlükəsi olan bir çox media işçisinin ölkəni tərk etməsinə səbəb olur.

 

Ancaq xarici ölkələrdə də təqiblər davam edir…

2024 ci il fevralın 22-də Human Rights Watch təşkilatı öz dərc etdiyi “Biz sizi tapacağıq” başlıqlı hesabatında hökumətlərin öz sərhədləri kənarında həyata keçirdiyi təqiblərlə bağlı narahatlıq ifadə edir.

“Transmilli repressiya” adlandırılan tendensiyaya görə hökumətlər fərdlərə qarşı qətllər, oğurluqlar, ölkədən çıxarılma, konsulluqdan sui-istifadə və rəqəmsal hücumları törədir. Hesabatda transmilli repressiya vasitələrindən istifadə edən ölkələr sırasında digər ölkələrlə yanaşı Azərbaycanın da adı çəkilir.

Məsələn, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tiflisdə saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi onu Azərbaycan ekstradisiya etmək məqsədilə həbs etdiyini bildirib. Əfqan Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. “Azel Tv”nin rəhbəri olmuş Əfqan Sadıqov 2020-ci ildə də hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmiş və iki il əvvəl əfv edilmişdi.

“Gürcüstanın Hüquqları” (Rights Georgia) hüquq müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Ə.Sadıqovun

həyat yoldaşı Sevinc Sadıqova özünün və uşaqlarının da həyatının təhlükədə olduğunu bildirib.

 

Foto: Azel.TV saytının rəhbəri Əfqan Sadıqov

 

İnternetdə medianın azadlığı

Sərhədsiz Reportyorların Mətbuat Azadlığı üzrə Azərbaycan 180 ölkə arasında 151-ci yerdədir. Freedom House təşkilatı internet azadlığı ilə bağlı 2023-cü ildə hazırladığı hesabatda 100 baldan 37 bal verərək Azərbaycanı internetin azad olmadığı ölkə kimi dəyərləndirib.

2017-ci ilin may ayında Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hakimiyyətə “sərf etməyən” materiallar yayan beş saytın bağlanması üçün məhkəməyə müraciət etməsilə başlanıb.

Həmin saytlar sırasında “Azadlıq” qəzeti (müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi orqanı), “Azadlıq Radiosu”, “Meydan TV”, “Turan TV” və “Azərbaycan Saatı” proqramı var. Bu saytlara daxil olmaq istəyənlər ölkə ərazisində VPN-dən istifadə etməli olur.

        Foto: Azərbaycanda müqtəqil media orqanlarının saytları bloklanır. Oxucular VPN-dən istifadə etməli olurlar

 

Azərbaycanda azad media öz səsini yaya biləcəyi əsas platforma kimi sosial media şəbəkələrindən istifadə edir. Lakin, tez-tez bu mediaların sosial media şəbəkələrindəki səhifələri də xaker hücumlarına məruz qalır.

Məsələn, Toplum TV-yə cinayət işi açıldıqdan sonra bu medianın sosial media səhifəsi ələ keçirilmiş və burada yaydıqları materiallar silinib. Eləcə də fəallar və media işçiləri tez tez fişinq hücum məruz qalırlar.

Leave A Reply