Azərbaycandan Ermənistana ilk yerli neft yükü – Aİ-95 benzini bu gün SOCAR göndərilib.

Bu barədə dövlət agentliyi olan “AZƏRTAC” məlumat yayıb.

Məlumata görə, 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yolları QSC-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yükün Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılması nəzərdə tutulur.

Gürcüstan hökuməti bu daşımaya yalnız bir dəfəlik tranzit icazəsi verib. Rəsmi açıqlamaya əsasən, ilk yük partiyasının tranziti tamamilə ödənişsiz həyata keçiriləcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin tapşırığı ilə “Gürcüstan Dəmir Yolları”na bu daşınmanın dərhal və pulsuz icrası barədə göstəriş verilib.

Tranzit tarifləri üzrə razılaşma yoxdur

Bununla yanaşı, daimi ixrac marşrutu üzrə tranzit tarifləri ilə bağlı tərəflər arasında razılıq əldə olunmayıb. Gürcüstanın təklif etdiyi tarif Azərbaycan tərəfini qane etmir. Məlumata görə, Gürcüstan Azərbaycandan Ermənistana daimi yanacaq daşınması üçün 111 kilometrlik məsafəyə görə 92 ABŞ dolları tarif müəyyən edib. Bu, hər ton üçün kilometrə təxminən 0,82 dollar deməkdir.

Müqayisə üçün qeyd olunur ki, Azərbaycan dəmir yolu şəbəkəsində oxşar yüklərin daşınması xeyli ucuzdur. Belə ki, Yalama stansiyasından Böyük Kəsik stansiyasına qədər 680 kilometrlik məsafədə bir ton yükün daşınması cəmi 17 dollara başa gəlir. Bu isə hər kilometr üçün təxminən 0,02 dollar təşkil edir və Gürcüstanın təklif etdiyi tarifdən təxminən 40 dəfə aşağıdır.

Nəticə etibarilə, Gürcüstan tərəfinin daimi tranzit üçün tətbiq etdiyi yüksək tariflər Azərbaycandan Ermənistana yeni ixrac marşrutunu ləngidən əsas amillərdən biri olaraq qalır.

Tariflə bağlı hansısa razılığa gəlindiyi mətbuata bildirilməyib.

Azərbaycandan Ermənistana ilk yerli neft yükü

Leave A Reply