Azərbaycan Ermənistana neft ixracına başlayıb
Azərbaycan Ermənistana neft və neft məhsulları ixrac etmək barədə razılıq verib, amma hələ real tədarük həyata keçirilməyib. Mediada yayılan məlumatlara görə, Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükü tarif maneələri səbəbilə gecikir.
Gürcüstan hökuməti yalnız bir dəfəlik tranzitə icazə verib və ilk yük partiyasının tranzitinin tamamilə ödənişsiz olacağını açıqlayıb. Baş nazir İrakli Kobaxidzenin tapşırığı ilə “Gürcüstan Dəmir Yolları”na bu bir dəfəlik daşımanı dərhal və pulsuz həyata keçirmək göstərişi verilib.
40 dəfə bahalı tarif
Lakin məhz daimi ixrac marşrutu üzrə tranzit tarifi məsələsində razılıq əldə olunmayıb. Gürcüstanın təklif etdiyi tarif Azərbaycanı qane etmir. Məlumata görə, Gürcüstan Azərbaycandan Ermənistana daimi yanacaq nəqli üçün 111 km məsafəyə bir ton yük üçün 92 ABŞ dolları tarif müəyyən edib ki, bu da hər ton üçün kilometrə 0,82 dollar deməkdir.
Müqayisə üçün, Azərbaycan dəmir yolu şəbəkəsində oxşar yüklərin daşınması xərci çox aşağıdır: məsələn, 680 km-lik məsafəyə (Yalama stansiyasından Böyük Kəsik stansiyasına) bir ton yük cəmi 17 dollara daşınır, yəni kilometrə 0,02 dollar, Gürcüstanın təklifindən 40 dəfə ucuz.
Ekspertlər vurğulayırlar ki, 40 dəfəlik fərq bazar iqtisadiyyatı prinsipləri ilə izah oluna bilməz.
Bu ciddi qiymət fərqi Tbilisinin siyasi mövqeyindən irəli gələn bir maneə kimi qiymətləndirilir. Beləliklə, Gürcüstan hökumətinin tranzit üçün yüksək rüsum tələbi bu yeni ixrac marşrutunun başlanmasını ləngidən əsas amildir.
- Azərbaycanın “tam ştatlı müəllim” modeli: konsepsiyası nədir, tənqidçilər nə deyir?
- Ermənistanlı diplomat Azərbaycana casusluqda ittiham edilir
- Andranik Simonyanın Bakıya səfəri fonunda Azərbaycan-Ermənistan yaxınlaşması
Bununla belə, Azərbaycan Ermənistana yanacaq ixracına prinsip etibarilə hazır olduğunu bəyan edir və bu sahədə danışıqlar aparılır. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Ermənistanla müharibəsinin başa çatdığını və post-münaqişə dövründə sülhün iqtisadi faydaları üzərində çalışıldığını qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi 28 noyabrda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Qəbələyə səfəri zamanı müzakirə olunub. Bu, Bakı və İrəvan arasında davam edən dialoqun bir hissəsi kimi qiymətləndirilir.
İlk ixracın nə zaman gerçəkləşəcəyi bəlli deyil
Ermənistan tərəfi də Azərbaycanla enerji sahəsində əməkdaşlığı istisna etmir, lakin prosesin detalları ilə bağlı ehtiyatlı mövqe sərgiləyir.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, ilk yanacaq tədarükünün konkret nə zaman gerçəkləşəcəyinə dair proqnoz vermək hələ tezdir. O, bu kimi proseslərdə yalnız nəticə əldə olunandan sonra danışmağı üstün tutduğunu deyərək, tarix açıqlamayıb.
Beləliklə, Azərbaycanın Ermənistana yanacaq ixracı layihəsi hazırda tranzit şərtlərinin razılaşdırılması mərhələsindədir. Gürcüstan hökumətinin ilk simvolik addımına baxmayaraq, daimi ixrac marşrutu üçün tarif məsələsi həllini tampayıb.
Yük qatarının qarşıdakı günlərdə yola düşməsi üçün texniki və kommersiya detallarının tam razılaşdırılması gözlənilir. Bu baş tutacağı təqdirdə, uzun illərdən sonra ilk dəfə Azərbaycanın neft məhsulları Ermənistana ixrac olunacaq.
Azərbaycan Ermənistana neft ixracına başlayıb