Tam ştatlı müəllim
Modelin mahiyyəti
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “tam ştatlı müəllim” adlı yeni əmək modeli üzərində işlədiyini açıqlayıb. Nazir Emin Əmrullayevin sözlərinə görə model konseptual mərhələdədir və geniş ictimai müzakirələr üçün təqdim olunub. O bildirib ki:
- Modelin tətbiqi 2027‑ci ilin sentyabrından tez gözlənilmir və hazırkı dərs‑saat əsasında maaş sistemi qalmaqla yanaşı alternativ olaraq tam ştat mexanizmi üzərində işlənilir.
- Məqsəd müəllimin məktəbin tam hüquqlu hissəsi olduğunu hiss etməsini təmin etməkdir; yeni maaş sistemi bu əməyin ədalətli dəyərləndirilməsinə yönəlir.
- Əməkhaqqı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Əmrullayev deyib ki, tam ştatlı müəllimlərin aylıq maaşı orta əməkhaqqıdan iki dəfə çox olarsa və təqribən 20 min müəllim bu maaşı alarsa, təhsildə köklü islahatların başlanğıcı olacaq.
- İş yükü və vəzifələr: modelə görə müəllim həftədə 30-36 saat işləyəcək, onun 18-24 saatı dərs deməyə sərf olunacaq; qalan saatlarda başqa müəllimlərin dərslərini dinləyib tövsiyə vermək, metodik tövsiyələr hazırlamaq, şagirdlərlə fərdi iş və layihələr üzərində çalışmaq kimi pedaqoji fəaliyyətlər görüləcək.
- Könüllülük prinsipinə əsaslanır: Elm və Təhsil Nazirliyi məsələni könüllülük və rəqabət prinsipləri əsasında quracağını bildirir; tam ştat müqaviləsi yalnız sertifikasiyadan 50 baldan çox nəticə əldə edən müəllimlər üçün nəzərdə tutulur və bütün müəllimlər üçün məcburi olmayacaq.
Nazirlik məktəbin ştatında tam zamanlı işləyən müəllimlərin repetitorluqdan gəlir əldə etmək məcburiyyətini aradan qaldıracağını və məktəb daxilində təlim keyfiyyətinin yüksələcəyini iddia edir. Yeni model müəllimin yalnız dərsə görə deyil, məktəbdəki digər pedaqoji və sosial fəaliyyətinə görə də qiymətləndirilməsini hədəfləyir.
- Ramiz Mehdiyevin həbsi: Putin razılıq vermədi, məlumat ötürdü iddiası
- Türkiyə universitetlərində Rojin Kabaiş etirazları
- Fransada büdcə kəsintiləri və sosial xidmətlərin dondurulmasına qarşı etirazlar keçirilir
Repetitorluğun qarşısının alınması hədəfi
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova repetitorluğun ləğvini dəstəkləsə də, bunun yalnız təhsil keyfiyyəti yüksəldildikdən sonra mümkün olacağını deyib.
O vurğulayıb ki, əvvəlcə dərsliklərin dili sadələşdirilməli və buraxılış və qəbul imtahanları məktəb dərslikləri əsasında tərtib olunmalıdır; bunlar həll edilmədən repetitorluğun ləğvi real olmayacaq.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimli də repetitorluq fəaliyyətinin inzibati üsulla ləğvinin çətinliyini qeyd edib. Onun qənaətincə, təhsil keyfiyyətinin artırılması ilə bu fəaliyyət “öz‑özünü ləğv edəcək”.
Tənqidi yanaşmalar
İqtisadçı: “Narazılıq doğuran modelə mütərəqqi sistem kimi keçmək istəyirlər”
İqtisadçı Rövşən Ağayev “tam ştatlı müəllim” modelinin ağır iş yükü yaratdığını və digər ölkələrdə bu cür sistemlərdən imtina meyllərinin artdığını bildirib. O qeyd edib ki:
- OECD-nin 2018 və 2024‑cü illər üzrə TALIS tədqiqatlarına görə, inkişaf etmiş ölkələrdə müəllimlərin həftəlik iş saatı təxminən 38,8 saatdır və bunun yalnız 60 faizi dərs deməyə sərf olunur; yerdə qalan vaxt dərsə hazırlıq, valideynlərlə görüş və qiymətləndirmə kimi fəaliyyətlərlə keçirdilir.
- Son illər Avropa, Yaponiya və ABŞ-da müəllimlərin iş yükünün ağırlığından şikayətləndiklərini və hökumətləri bu sahədə islahatlar aparmağa çağırdıqlarını vurğulayıb.
Ağayev deyib ki, Azərbaycan hazırda narazılıq doğuran və dəyişiklik tələb edən modelə mütərəqqi sistem kimi keçmək istəyir.
- TALIS nəticələri uzun iş saatlarının müəllimlərin sağlamlığına ziyan vurduğunu və gənc müəllimlərin peşəni tərk etməsinə səbəb olduğunu göstərir. Ağayev hesab edir ki, qeyri‑tədris saatlarında müəllimə sərbəst fəaliyyət azadlığı verilməzsə və bu vaxt administrativ tapşırıqlara sərf olunarsa, sistem formal və yorucu mexanizmə çevrilə bilər.
- O, uğurlu model üçün iş şəraitinin yaxşılaşdırılmasını, rahat iş otaqları, kompüter və internet təminatını, eləcə də yüksək maaş verilməsini zəruri sayır; əks halda yorucu və uzun iş rejimi müəllimlərdə “tükənmişlik” yaradacaq.
- Ağayev, həmçinin, sistemin məqsədinin repetitorluğun qarşısını almaq kimi səsləndirilməsini düzgün hesab etmir və qeyri‑tədris saatlarının peşəkar inkişafa və pedaqoji müzakirələrə xidmət etməli olduğunu bildirir.
Təhsil eksperti: “Müəllimliyə maraq azalacaq”
Təhsil eksperti Elmin Nuri nazirliyin “45 saatlıq dərs iki müəllim arasında bölünməlidir” fikrinə münasibət bildirərək fənn müəllimlərinin sayının azalmasının müəllimlik peşəsinə olan marağı zəiflədəcəyini deyir.
O xatırladır ki, son illərdə pedaqoji ixtisaslara maraq stimullaşdırıcı tədbirlərlə artıb, lakin plan yerlərinin azaldılması müəllim hazırlığında artımı əmək bazarının tələblərini üstələyib və keyfiyyət problemi yaradıb.
Ekspert hesab edir ki, əmək bazarının tələbləri və universitetlərin kadr hazırlığı arasında balans yaranmadıqca, yeni modelin nəticələri mənfi ola bilər.
Yekunda
Hər nə qədər repetitorluğun mərhələli şəkildə aradan qaldırılması ilk baxışda müsbət və zəruri islahat təsiri bağışlasa da, təhsilin keyfiyyəti köklü şəkildə yüksəldilmədikcə bu fəaliyyət nə inzibati qadağalarla, nə də “könüllü tam ştatlı müəllim” modeli ilə real olaraq yoxa çıxmayacaq. Məsələ ondan ibarətdir ki, problem repetitorluqda yox, məktəb tədrisinin keyfiyyətinə ictimai inamın aşağı olmasındadır.
Rəsmi arqumentlər təhsilin inkişafını hədəf aldığını iddia etsə də, görünən reallıq başqadır: yüksək bal toplamış müəllimləri “könüllülük” adı altında məktəb daxilinə həbs etmək, onların şəxsi təşəbbüslərlə qazandıqları əlavə gəlir mənbələrinə faktiki müdaxilə etmək.
Təhsil Nazirliyi sözdə müəllimə əlavə qazanc imkanları yaradıldığını bildirsə də, təqdim edilən mexanizmlər səmimi görünmür. Əslində müəllimin sosial rifahını artırmalı olan bir model, təhsil mühitini yaxşılaşdırmaqdan daha çox, insanları şəxsi təşəbbüslərdən çəkindirməyə və onları bürokratik çərçivəyə məhkum etməyə xidmət edir.
“İslahatın” arxasında duran niyyətin özündə bir hiynəgərlik var. Bu yolla sistem qazanc problemini həll etmir, sadəcə onun alternativ yollarını bağlayır.
Model nəzəri olaraq proqressiv görünə bilər, hətta ideal şəraitdə təhsilin inkişafını belə dəstəkləyə bilərdi. Amma Azərbaycanda bu vədlərə inanmaq, Şaxta Babaya inanmaq qədər sadəlövh yanaşma tələb edir. Təhsil sistemində uzunmüddətli, ardıcıl və real keyfiyyət dəyişikliyi olmadan belə bir mexanizmin uğur qazanacağına inanmaq üçün heç bir əsas yoxdur.
Tam ştatlı müəllim