AZAL təyyarəsinin qara qutusu açılıb

Bu barədə məlumatı Qazaxstan Xarici İşlər Nazirliyi yayıb.

İlkin hesabata əsasən, təyyarənin qəzalı vəziyyətə düşərək təcili eniş tələb etməsinin səbəbi quş sürüsüylə toqquşmaları olub. Bu barədə təyyarə ekipajı Qroznı qülləsinə məlumat verib.

Bundan sonra MinVod-a getmək istəyən AZAL ekipajı məsafənin uzaqlığına görə bu variantdan imtina edib. Daha sonra isə Maxaçkalaya gedəcəklərini bildirsələr də, hava şəraiti barədə Qroznı qülləsindən məlumat aldıqdan sonra bu fikirdən də imtina edilib.

Bu məlumatdan sonra AZAL ekipajı Bakıya getmək qərarını versə də, Rostov qülləsindən Aktauda hava şəraitini öyrəndikdən sonra Aktauya eniş etmək qərarına gəlib.

Məlumata görə, AZAL heyətinə Qroznıda “Xalça” planının tətbiq edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Qroznı və Rostov qüllələri ilə danışıqlardan görünür ki, AZAL təyyarəsi idarəetməni itirib, oksigen balonu partladığı üçün oksigen bitmək üzrə olub, bir neçə sərnişin huşunu itirib.

Xatırladaq ki, AZAL-ın Embraer 190 təyyarəsi 25 dekabrda Aktauda qəzaya uğrayıb. Qəza vaxtı göyərtədə 67 nəfər olub, onlardan 38 nəfər, o cümlədən təyyarənin hər iki pilotu həlak olub.

Leave A Reply