Bakının mərkəzinə pullu giriş

Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları yaradılacaq, bu zonalara avtomobillə girmək pullu olacaq. Bu, “Avtomobil yolları haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub. Layihəyə görə, zonalara giriş haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edəcək, toplanan pul isə dövlət büdcəsinə köçürüləcək.

Bu, əvvəlki plandan fərqlidir. Prezident İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli fərmanında zonalara giriş haqqının “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyə mənbələrindən biri olacağı bildirilirdi. Fərman Nazirlər Kabinetinə üç ay ərzində ödənişli zonalar və giriş haqqının məbləği barədə təkliflər hazırlamağı tapşırmışdı. Rəsmi “Xalq qəzeti” fevralda yazmışdı ki, Bakıda ödənişli hərəkət zonaları 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsində müntəzəm sərnişin daşıyan avtobus şirkətlərinə məsafəyə görə ödənişli xidmət üçün dövlət büdcəsindən subsidiya verilməsi də nəzərdə tutulur. Zonaların hansı küçə və məhəllələri əhatə edəcəyi, giriş haqqının məbləği və tətbiq tarixi layihədə göstərilməyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin avqustunda ödənişli hərəkət zonaları ilə bağlı texniki məsləhət üçün İspaniyanın “IDOM” şirkəti ilə 300 min manatlıq müqavilə bağlayıb. AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev 2025-ci ildə bildirmişdi ki, gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur, onların 100 mindən çoxu Sumqayıt-Xırdalan istiqamətindən gəlir.

Belə ödənişli zonalar, “tıxac haqqı” adı ilə, Londonda 2003-cü ildən, Stokholmda 2007-ci ildən tətbiq olunur. Onların məqsədi şəhər mərkəzində avtomobil sayını və havanın çirklənməsini azaltmaq, ictimai nəqliyyatı təşviq etməkdir.

Leave A Reply