Belçika
Belçika kralı Filip Baş nazir Bart De Veverin noyabrın 2-də verdiyi istefa ərizəsini qəbul etməyib. Kral sarayının açıqlamasına görə, hakim koalisiyanın beş partiyasının liderləri ilə məsləhətləşmələrdən sonra kral Baş nazirə büdcə danışıqlarını dərhal bərpa etməyi tapşırıb. De Vever 2027-ci il büdcəsi üzrə danışıqlar uğursuz olandan sonra istefa vermək qərarına gəlmişdi.
Sarayın açıqlamasında deyilir ki, kral beş partiya liderindən hökumət daxilində razılıq üçün güzəştə getməyə hazır olduqları barədə rəsmi zəmanət alıb. De Vever noyabrın 16-da danışıqların gedişatı barədə krala məruzə edəcək.
De Vever 2025-ci ilin fevralında Baş nazir olub və Avropada Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya verilməsinin ən fəal əleyhdarlarından biri sayılır. Bu aktivlərin əsas hissəsi, təxminən 190 milyard avro, Belçikadakı “Euroclear” depozitarisində saxlanılır.


