Livanın paytaxtı Beyrutda baş vermiş iki partlayışda azı 100 nəfərin öldüyü, minlərlə insanın yaralandığı xəbər verilir. Hökumət fəlakətin baş verdiyini elan edib.

Livan Qırmızı Xaç Komitəsinin başçısı George Kettaneh avqustun 5-də yerli telekanallara deyib ki, qurum səhiyyə nazirliyi ilə koordinasiyalı şəkildə qurbanların morqlara aparılmasına çalışır, çünki xəstəxanalar dolub.

Dağıntılar altında hələ də qalanlar var deyə, ölü sayının artacağı gözlənir.

ABŞ Prezidenti Donald Trump partlayışın hücum ola biləcəyini söyləyib. O, bəzi generallarla görüşdüyünü, onların da belə düşündüyünü söyləyib. “Bu, istehsal prosesi partlayışına oxşamırdı. Bu, nəsə bombaya oxşayırdı”, – Trump mətbuat konfransında deyib.

İsrailin Xarici işlər naziri Gabi Ashkenazi ölkəsinin bu partlayışda rolu olmasına dair spekulyasiyanı rədd etməyə çalışıb. “Beyrutdan gələn xəbərlərə inanmamağa əsas görmürəm”, – o, Livan rəsmilərinin bəyanatlarına işarə vuraraq deyib.

İsraillə Beyrutun münasibətləri yoxdur və bu partlayış Livanın cənub sərhədi boyunca və Suriyada İsraillə Hizballah qruplaşması arasında gərginliyin artdığı dönəmdə baş verib.

 

Mənbə: Azadlıq Radiousu

Leave A Reply