ABŞ seçkiləri, birja
ABŞ-də ara seçkilərdə Demokrat Partiyasının qələbəsindən sonrakı gün, noyabrın 5-də, Nasdaq Composite indeksi 5,52% düşüb. BBC-nin Rus xidmətinin Dow Jones məlumatlarına istinadən yazdığına görə, indeksə daxil olan texnologiya şirkətlərinin səhmləri cəmi təxminən 2,5 trilyon dollar ucuzlaşıb. Dow Jones Industrial Average 3,4%, S&P 500 isə 4,4% geriləyib. France 24-ün yazdığına görə, cümə günü Asiyada, ilk növbədə Seul və Tokio birjalarında texnologiya səhmlərinin enişi davam edib.
İnvestorlar demokratların süni intellektin inkişafına nəzarəti sərtləşdirəcəyindən və məlumat mərkəzlərinin tikintisini ləngidəcəyindən qorxur. Seçkidə qalib gələn namizədlərin bir çoxu belə mərkəzlərin tikintisini məhdudlaşdırmağı vəd edib. “Wealth Club” şirkətinin baş investisiya strateqi Syuzanna Striter deyib ki, süni intellekt infrastrukturuna xərclənən böyük vəsaitin özünü doğrultmayacağı qorxusuna indi məlumat mərkəzlərinin tikintisinin kəskin yavaşlaması ehtimalı da əlavə olunub.
Ən çox çip istehsalçıları zərər görüb: Nvidia-nın səhmləri 9%-dən çox düşüb, şirkətin dəyəri 400 milyard dollar azalıb. AMD və Micron 17%-dən çox, Intel 10,3% itirib. İlon Maskın SpaceX və Tesla şirkətlərinin səhmləri 8% və təxminən 11% ucuzlaşıb, onların dəyəri birlikdə 300 milyard dollar azalıb. BBC-yə görə, Mask Respublikaçıların uğursuz seçki kampaniyasına təxminən 450 milyon dollar xərcləyib.
Kriptovalyuta bazarı da geriləyib. “CoinMarketCap”ın məlumatına görə, Bitkoin son sutkada 5,88% ucuzlaşaraq 75 589 dollara enib, “Ethereum” 7,79% dəyər itirib.


