Ermənistan-Türkiyə
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması ilə bağlı problem yoxdur. “News Armenia” nəşrinin yazdığına görə, o bildirib: “Əlbəttə, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar. Lakin əminəm ki, bu münasibətlər yaxın gələcəkdə dövlətlərin bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması ilə qurulacaq”. Paşinyan bunun əksinə şübhə etmək üçün obyektiv əsas görmədiyini deyib.
Bir gün əvvəl Paşinyan noyabrın 9-20-də Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə getməyi planlaşdırdığını demişdi.
Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində “Qərbi Ermənistan” ifadəsi işlədilir, Türkiyədə bu, ölkənin şərq vilayətlərinə ərazi iddiası kimi qəbul olunur. Azərbaycanın “Trend” agentliyi Paşinyanın açıqlamasını “Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır” başlığı ilə verib. Paşinyan isə öz açıqlamasında konkret vilayət və ya sənəddən danışmayıb.


