Gürcüstan, Saqareco
Gürcüstanın Kaxeti bölgəsində, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində noyabrın 5-də iki azərbaycanlı qardaş güllələnərək öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyi cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə saxlandığını bildirib.
Nazirliyə görə, təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan dəfələrlə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb, hər ikisi aldıqları xəsarətlərdən ölüb. Polis silahı maddi sübut kimi götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə aparılır, bu maddə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Sağ qalan qardaş Elman Usubov yerli mediaya deyib ki, qardaşlar qohumlarının toyuna gedirmiş. Onun sözlərinə görə, axşam saat 17:00 radələrində o, iki qardaşı və sinif yoldaşı ilə piyada gedərkən bir avtomobil dayanıb və onlara atəş açılıb. O, avtomobilin arxasında gizlənərək xilas olub: “Dörd nəfər idik - üç qardaş və qonşumuz. Birdən avtomobil dayandı və atəş açmağa başladı. Dəfələrlə atəş açdı. Əvvəllər heç nə baş verməmişdi, aramızda münaqişə olmayıb. Qardaşlarım hadisə yerində öldülər. Polis artıq məndən ifadə alıb”.


