QHT işi
Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 5-də keçən prosesdə dövlət ittihamçısı “Vətəndaş Hüquqları” İnstitutu adlı QHT-nin rəhbəri Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini və onun 3 il müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini istəyib. “Abzas Media”nın yazdığına görə, prosesə hakim Vüqar Seyidov sədrlik edir, işin məhkəmə istintaqı yekunlaşıb.
İstintaqın iddiasına görə, Süleymanlı ABŞ-nin German Marşal Fondu və digər fondların sosial layihələr üçün ayırdığı 148 min manatdan çox qrant vəsaitini mənimsəyib. İttihamda deyilir ki, o, bu zaman German Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və başqaları ilə əlbir olub, vəzifə səlahiyyətlərindən sui-istifadə edib və qrantlar barədə dövlət qurumlarına məlumat verməyib. Ona Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (193-1), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham irəli sürülüb.
Süleymanlı 2025-ci il martın 14-də saxlanılıb. Həmin gün “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılmışdı. Ağəliyev sonra sərbəst buraxılıb, Həsənov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.


