Azərbaycan, enerji
Dünya Bankı SOCAR-ın tabeliyindəki “Azəriqaz”ın şəbəkəsində qaz sızmalarının aradan qaldırılması layihəsinin təsdiqini növbəti dəfə təxirə salıb. Layihəyə Direktorlar Şurasında əvvəl aprelin 23-də, sonra avqustun 6-da baxılmalı idi, indi tarix noyabrın 27-dir. Bank səbəbi göstərmir.
Layihənin dəyəri 15 milyon dollardır və ilkin vəsaiti metan emissiyalarının azaldılması üzrə qlobal fondun qrantından gələcək. Qrantı SOCAR alacaq, işi “Azəriqaz” görəcək.
Bankın qiymətləndirməsinə görə, “Azəriqaz”ın şəbəkəsinin böyük hissəsi 50 ildən çoxdur istismar olunur və ildə təxminən 160 milyon kubmetr qaz sızır. Bu, 107 min ton metan deməkdir.
Bank deyir ki, sızmaların təxminən 80 faizi yeddi ilə nisbətən sadə tədbirlərlə aradan qaldırıla bilər. Bu, istixana qazı emissiyasını ildə təxminən 2,4 milyon ton CO₂ ekvivalenti qədər azalda bilər.


