Azərbaycan, korrupsiya
Baş Prokurorluq bildirir ki, Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsinin 200 min manat rüşvət almaqda ittiham olunduğu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttiham olunanlar Bakı üzrə Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovdur.
Prokurorluğa görə, onlar bu ilin mayında Bakıdakı ticarət mərkəzlərindən birində çalışan çoxsaylı sahibkarlardan vergi yoxlaması keçirməmək və cərimə tətbiq etməmək üçün pul alıblar. Barələrində həbs qətimkan tədbiri seçilib.
Prokurorluq işin Dövlət Vergi Xidmətinin özündən daxil olan məlumat əsasında başladığını deyir. İttiham olunanların mövqeyi açıqlanmayıb, məhkəmə qərarı hələ yoxdur.


