Azərbaycan, məhkəmə
Nəsimi Rayon Məhkəməsi Bakıda Nizami Kino Mərkəzinin divarlarına yazı yazmaqda ittiham olunan 2006-cı il təvəllüdlü Ardeşir Seyfpur Saad Abadinin həbs müddətini 20 gün uzadıb. APA-nın yazdığına görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Hadisə aprelin 1-dən 2-nə keçən gecə baş verib. İstintaq işdə üç məktəblinin və İranda doğulan Belarus vətəndaşı, ADA Universitetinin ikinci kurs tələbəsi Seyfpurun iştirak etdiyini deyir. Ona Cinayət Məcəlləsinin mədəni sərvətləri qrup halında qəsdən korlama maddəsi ilə ittiham irəli sürülüb. Barəsində əvvəlcə dörd aylıq həbs seçilib. Mediada yazılır ki, digər üç nəfərə həbsdən alternativ tədbir tətbiq olunub.
Hökumətyönlü media onun Azərbaycana 2024-cü ildə təhsil üçün gəldiyini yazırdı. “OC Media” isə onun “LinkedIn” səhifəsinə əsasən 2013-2024-cü illərdə Bakıdakı 160 saylı liseydə oxuduğunu bildirir.
Seyfpur 13 iyunda yaxınları vasitəsilə yaydığı müraciətdə ittihamları rədd edib: “Mən 2006-cı ildə anadan olmuşam, 19 ildir burada yaşayıram və Azərbaycanın xeyrinə fəaliyyət göstərmişəm. Mənə qarşı irəli sürülən ittihamların reallıqla heç bir əlaqəsi yoxdur”.
“OC Media”nın adını açıqlamadığı dostu deyir ki, hadisə gecəsi Seyfpur evdə olub, həbsdə ona pis rəftar edilib. Dostun iddiasına görə, onu sənətlə məşğul olduğu və İran əsilli olduğu üçün hədəf seçiblər. Fəal Ayxan Zəyədzadə iki gündə 20 yeniyetmənin dindirildiyini, hüquq müdafiəçisi Ruslan Əliyev isə tədbirlərin əmələ uyğun olmadığını deyib.
Bakılı rəssam Rəsul Həsən hökumətin sərt reaksiyasını ikiüzlülük adlandırıb, çünki bir neçə il əvvəl balkonda restoran tikilərkən binanın tarixi detallarının zədələndiyini xatırladıb. Deputatlar isə hadisəni vandalizm adlandırıblar.


