Ermənilər quru sərhədi ilə Bakıya gəliblər
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistanın vətəndaş cəmiyyəti (VC) nümayəndələri aprelin 10-da Azərbaycana quru sərhədi vasitəsilə daxil olublar.
Bu, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək həyata keçirilib. Ziyarətçilər bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından uğurla keçiblər.
“AZƏRTAC”ın məlumatına görə, erməni nümayəndə heyəti aprelin 10-12 aprel 2026-cı il tarixlərində Bakıda keçiriləcək növbəti ikitərəfli dəyirmi masada iştirak edəcək. Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq davam etdiriləcək.
Bu səfər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində reallaşır.
“Sülh Körpüsü” Təşəbbüsü vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələri və dialoqu təşviq etmək məqsədi daşıyır.
Bu, son vaxtlar quru sərhədinin delimitasiya olunmuş hissəsindən istifadə edərək həyata keçirilən növbəti qarşılıqlı səfərdir. Fevral ayında Azərbaycan VC nümayəndələri də eyni yolla Ermənistana getmişdilər.
Bu proses SSRİ-nin dağılmasından bəri uzun fasilədən sonra quru sərhədinin vətəndaş cəmiyyəti nümayəndələri üçün açılması baxımından əhəmiyyətli hesab olunur.
Ermənilər quru sərhədi ilə Bakıya gəliblər