Ermənistanda seçki öncəsi gərginlik
Ermənistanın Antikorrupsiya Məhkəməsi qarşısında “Güclü Ermənistan” partiyasının lideri, iş adamı Samvel Karapetyanın məhkəmə iclası keçirilən zaman onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Hadisə zamanı polis 17 nəfəri saxlayıb.
Yerevanda Antikorrupsiya Məhkəməsinin binası qarşısına toplaşan Karapetyanın çoxsaylı tərəfdarları “Samvel Karapetyana azadlıq!”, “Növbəti baş nazir Samvel Karapetyandır!” kimi şüarlar səsləndirib.
Yolun bağlanması və polisin əmrlərinə tabe olmamaq ittihamı ilə 17 nəfər saxlanılıb. Bəzi tərəfdarlara qarşı fiziki güc tətbiq edildiyi barədə məlumatlar da yayılıb.
Məhkəmə iclasında Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay müddətinə uzadılıb. Eyni zamanda, ona müsahibələr verməyə icazə verilib.
Karapetyan 2025-ci ilin iyun ayından bəri hakimiyyəti ələ keçirməyə çağırış və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları ilə həbs olunub. O, yanvar ayından ev dustaqlığında saxlanılır.
“Güclü Ermənistan” partiyası Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının rəqibi hesab olunur. Partiya Karapetyanı baş nazir postuna namizəd irəli sürüb. Lakin ikili vətəndaşlıq (Ermənistan və Rusiya vətəndaşlığı) səbəbindən o, hazırda rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçə bilmir.
Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarından imtina prosesinə başladığını bildirib. Ermənistan qanunvericiliyinə görə, baş nazir vəzifəsinə yalnız tək Ermənistan vətəndaşlığı olan şəxs namizəd ola bilər.
7 iyunda keçiriləcək parlament seçkiləri öncəsi bu hadisə ölkədə siyasi gərginliyin artmasını göstərir. Bəzi müşahidəçilər Karapetyana qarşı cinayət işinin siyasi motivli olduğunu iddia edir.
Ermənistanda seçki öncəsi gərginlik