Ukraynaya dron verənlərə təhdid

Rusiya Müdafiə Nazirliyi Avropada, o cümlədən Almaniya və Türkiyədə yerləşən Ukraynaya pilotsuz uçuş aparatları (dron) və onların komponentləri istehsal edən şirkətlərin siyahısını və dəqiq ünvanlarını açıqlayıb.

Nazirlik bu addımı “eskalasiya addımı” adlandıraraq, Avropa ictimaiyyətini “öz təhlükəsizliyinə real təhdidlər” barədə xəbərdar etdiyini bildirib.

Açıqlanan iki siyahıda ümumilikdə 21 obyekt qeyd olunub:

  • “Ukrayna şirkətlərinin Avropadakı filialları” – 11 filial (Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Niderland, Polşa, Çexiya və s.).
  • “Xarici şirkətlər komponent istehsal edir” – 10 müəssisə (Almaniya, İspaniya, İtaliya, Çexiya, İsrail və Türkiyə).

Almaniyada bir neçə ünvan (məsələn, Münhen və Hanau şəhərlərində) dron istehsalı və porşen mühərrikləri ilə bağlı qeyd edilib.

Türkiyədə isə iki şirkət (Ankara və Yalova şəhərlərində) qeyd olunub. Onlardan biri (“Tualcom”) naviqasiya siqnalları qəbulediciləri, digəri isə karbon lif materialları istehsal etdiyi iddia edilir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu siyahını “Rusiya Silahlı Qüvvələri üçün potensial qanuni hədəflər” adlandırıb. O, Avropa ölkələrinin Ukraynaya dron dəstəyinin “qeyri-müəyyən nəticələr” verə biləcəyi barədə xəbərdarlıq edib.

Müdafiə Nazirliyi bəyan edib ki, bu cür birgə istehsal Avropa ölkələrini “Ukraynanın strateji arxası”na çevirir və Rusiyaya qarşı birbaşa qarşıdurmaya çəkə bilər.

Bu açıqlama Rusiya-Ukrayna müharibəsində gərginliyin artması fonunda baş verib və Avropada ciddi rezonans doğurub. Bəzi ekspertlər bunu Avropa ölkələrini qorxutmaq və Ukraynaya hərbi-texniki dəstəyi dayandırmaq cəhdi kimi qiymətləndirir.

Ukraynaya dron verənlərə təhdid

Leave A Reply