Qızıl adam İstanbulda saxlanılıb
İnterpol tərəfindən 196 ölkədə “Qırmızı bülleten”lə beynəlxalq axtarışda olan azərbaycanlı İnqilab Babayev Türkiyənin İstanbul şəhərində saxlanılıb.
38 yaşlı İnqilab Babayev “Qızıl adam” ləqəbi ilə tanınır. O, 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxarılan iri həcmli qızıl qaçaqmalçılığı şəbəkəsinin təşkilatçısı olmaqda təqsirləndirilir. Həmin hadisə zamanı iki təhlükəsizlik əməkdaşının bel hissəsində gizlədilmiş 16 kiloqram (32 külçə) qızıl aşkarlanmışdı. Qızılların Dubaydan gətirildiyi müəyyən edilmiş və hadisə ilə bağlı 7 nəfər saxlanılmışdı.
Babayev hadisədən sonra qaçmağı bacarmış və uzun müddət gizlənmişdi. Son məlumatlara görə, o, ailə üzvləri ilə görüşmək üçün İstanbula gəlib. İstanbul Polisinin Qaçaqmalçılıqla Mübarizə İdarəsi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Eyupsultan rayonundakı rezidansda tutulub. Əməliyyatda xüsusi təyinatlı qüvvələr də iştirak edib.
Saxlanıldıqdan sonra İnqilab Babayev İstanbul məhkəməsinə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, hazırda cəzaçəkmə müəssisəsində saxlanılır.
Qızıl adam İstanbulda saxlanılıb