ŞİKAYƏT: Gömrük Komitəsində ayrıseçkilik
Dövlət Gömrük Komitəsinin (DGK) təqaüdə çıxmış 40-a yaxın əməkdaşı HamamTimes-a şikayət ünvanlayıblar. Onlar 2019-cu yanvar ayından 2022-ci ilin iyul ayı arasında təqaüdə çıxıblar.
Deyirlər ki, daha çox işlədiklərinə baxmayaraq, onlardan həm əvvəl, həm sonra pensiyaya çıxan və eyni rütbəyə malik həmkarlarından ən az 3 dəfə az təqaüd alırlar.

Şikayətçilər bildirir ki, DGK-də işləmək xüsusi dövlət qulluğu hesab olunduğu üçün 20 il işlədikdən sonra təqaüdə çıxa bilərlər. 2019-cu ilin əvvəlində həmin vaxt DGK-nin sədri olan Səfər Mehdiyev bir çox Gömrük əməkdaşını təqaüdə göndərib.
İşləməyə davam edib, 2019-cu ilin yanvar ayından 2022-ci ilin iyul ayına qədər təqaüdə çıxan 40-a yaxın əməkdaşın pensiyaları isə digərlərindən ən az 3 dəfə az hesablanıb.
Şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etsələr də, onlara bildirilib ki, DGK yenidən hesablama aparsa, ƏƏSMN təqaüdləri qaldıracaq. Lakin DGK sədri Şahin Bağırov keçmiş əməkdaşların problemlərini həll etməkdə maraqlı deyil.
Şikayətçilər deyir ki, “adamı olanları” işdə saxlayıb, 2022-ci ilin iyulundan sonra yüksək təqaüdlə pensiyaya çıxardıqları halda, 40-a yaxın “adamı olmayan” əməkdaşın təqaüd hüququ kobud şəkildə pozulub.