Abxaziyada işıq kəsintisi

Gürcüstanın Rusiyanın nəzarətindəki Abxaziya bölgəsinin böyük hissəsi, o cümlədən Suxumi şəhəri noyabrın 9-da elektriksiz qalıb. Bölgənin de-fakto Energetika Nazirliyinin məlumatına görə, Oçamçira və Tkvarçeli rayonlarında 110 kilovoltluq “Şeşeleti-1” və 220 kilovoltluq “Açquara” xətlərində qəza baş verib.

Nazirlik qəza briqadalarının zədələnmənin yerini müəyyən etmək üçün ərazilərə göndərildiyini bildirib, işığın bərpası üçün tədbirlər görüldüyünü qeyd edib.

Qafqazın ən böyük su elektrik stansiyası olan 1300 meqavatlıq İnqur SES Abxaziya ilə Gürcüstanın sərhədində yerləşir: su anbarı Gürcüstan tərəfində, idarəetmə binası isə Abxaziya tərəfindədir. Stansiyanın istehsalının 40 faizi Abxaziyaya, 60 faizi Gürcüstana düşür.

Bu ilin iyul-avqust aylarında İnqur SES-də ard-arda baş verən sistem qəzaları nəticəsində Gürcüstan və Abxaziyada üç dəfə kütləvi işıq kəsintisi olub, hər dəfə bərpa iki saatdan üç saat yarıma qədər çəkib. “Çernomorenerqo” şirkəti o zaman bu qəzaların səbəblərinin aradan qaldırılacağını bildirmişdi.

Leave A Reply