İranda etirazlar
Ötən ilin son günlərindən etibarən İranda iqtisadi böhran ucbatından genişmiqyaslı etirazlar başlayıb.
Milli valyutanın rekord səviyyədə dəyər itirməsi və inflyasiyanın kəskin artması xalqın səbr kasasını daşırıb. Nəticədə paytaxt Tehran da daxil olmaqla ölkənin dörd bir yanında bazar tacirləri, tələbələr və müxtəlif təbəqələrdən insanlar küçələrə axışıb.
Hakimiyyət isə bu etirazlara birmənalı reaksiya verməyib. Bir tərəfdən rəsmilər narazılıqları “təbiidir” deyə etiraf edib dialoq vədləri versələr də, digər tərəfdən Ali Lider etirazçıları “iğtişaşçı” adlandıraraq sərt tədbirlər görüləcəyini bildirib.
İlk on gün ərzində hüquq müdafiəçiləri azı 34 etirazçının (onlardan bir neçəsi uşaqdır) və 2 təhlükəsizlik əməkdaşının öldüyünü, 2000-dən çox insanın həbs edildiyini bildirir. Bu, 2022-ci ildə Məhsa Əmininin ölümü ilə bağlı aksiyalardan bəri İranda ən ciddi narazılıq dalğası sayılır.
- Ərdoğanın “legitimlik” dərdi: Türkiyə xarici siyasətdə daxili legitimlik axtarışındadır
- Azərbaycanın “tam ştatlı müəllim” modeli: konsepsiyası nədir, tənqidçilər nə deyir?
- OPLAN DEU: Almaniyanın Rusiyaya qarşı gizli müharibə planı
Etirazların səbəbləri nələrdir?

İranda son etirazların kökündə illərlə yığılıb qalan dərin sosial-iqtisadi problemlər dayanır. 2018-ci ildə ABŞ nüvə sazişindən çıxaraq sanksiyaları bərpa etməsi və 2025-ci ildə BMT sanksiyalarının yenidən tətbiqi İran iqtisadiyyatını iflic vəziyyətə salıb.
Ötən il ərzində rialın dəyəri yarıbayarı düşərək dekabrda ABŞ dollarına qarşı tarixi minimuma çatıb. İlin sonunda inflyasiya rəsmi rəqəmlərə görə 40-50% civarında olub və qiymət artımları əhalinin alıcılıq qabiliyyətini sürətlə aşındırıb.
Üstəlik, hökumət büdcə kəsirini bağlamaq üçün vergiləri artırmağı (62%-ə qədər yüksəltməyi) planlaşdırırdı ki, bu da biznes sahibləri və əhali arasında əlavə narazılıq yaratmışdı.
Böhran təkcə valyuta və inflyasiya ilə bitmirdi. Ölkədə elektrik və su təchizatında ciddi çatışmazlıqlar yaranmış, paytaxt Tehranı su ilə təmin edən su anbarları demək olar ki, boşalmışdı. İşsizlik rəsmi statistikaya görə 7,5%-ə yüksəlmişdi.
Bunların fonunda uzun illərin korrupsiya faktları, hökumət idarəçiliyindəki səriştəsizlik və insan haqlarının pozulması (sərbəst toplaşma və fikir azadlığına məhdudiyyətlər, məcburi hicab qaydalarına nəzarət və s.) cəmiyyətdə geniş narazılıq doğururdu.
“Qadın, Həyat, Azadlıq” şüarı ilə 2022-ci ildə baş vermiş kütləvi qadın hüquqları etirazları zamanı yüzlərlə insanın ölümü, on minlərlə insanın həbsi və bir neçə edam hadisəsi yaddaşlardan silinməmişdi.
Bu dəfəki etirazları isə birbaşa tətikləyən səbəb kəskin iqtisadi çətinliklər olub. Xalq sürətlə dəyərdən düşən pula, bahalaşmaya və korrupsiyaya qarşı ayağa qalxıb. Məhz bu “son damla” – rialın kəskin ucuzlaşması dekabrın 28-də Tehranda bazarların etiraz olaraq bağlanmasına gətirib çıxarıb.
Gedişat: coğrafiya, sosial dinamikalar və aksiyaların formalaşması
Etirazlar ilk olaraq paytaxt Tehranın mərkəzində başlayıb. Şəhərin tarixi Böyük Bazarı və elektronika ticarət mərkəzlərində alverçilər və mağaza sahibləri milli valyutanın dəyərsizləşməsinə etiraz əlaməti olaraq dükanlarını bağlayıblar.
“Qorxma, biz hamımız burdayıq!” kimi şüarlar səsləndirən izdiham tezliklə yaxın küçələrə axışıb. Polis etirazçılara gözyaşardıcı qazdan istifadə edərək onlara müdaxilə etməyə çalışsa da, etirazlar növbəti gün daha da böyüyüb.
Etirazların coğrafiyası
Aksiyaların coğrafiyası sürətlə genişlənib. Artıq ikinci gündə Tehran Universitetinin və paytaxtdakı digər ali məktəblərin tələbələri də küçə yürüşlərinə qoşulub. Şagirdlər universitet şəhərciklərində etiraz aksiyaları keçirib, iqtisadi çətinliklərlə yanaşı ifadə azadlığı və ləyaqətli həyat hüququ tələb ediblər.
Tezliklə ölkənin müxtəlif bölgələrindən də etiraz xəbərləri gəlib. Dövlət mediası və sosial şəbəkə görüntülərinə əsasən, İsfahan, Yəzd, Zəncan kimi mərkəzi şəhərlərdən tutmuş, qərbdə Loristan (Kuhdəşt şəhəri) və İlam, Kirmanşah (kürd əsilli əhalinin yaşadığı əyalətlər), cənubda Fars (Fasa şəhəri), şimal-qərbdə Şərqi Azərbaycan, cənub-şərqdə Sistan-Bəlucistan və hətta dini mühafizəkarların mərkəzi sayılan Qum şəhərinə qədər etirazlar yayılmağa başlayıb.
Yanvarın 6-na kimi artıq 27 əyalətdə 90-dan çox şəhər və qəsəbədə irili-xırdalı aksiyalar keçirildiyi bildirilir. Bu, son illərin ən genişmiqyaslı kütləvi etiraz coğrafiyasıdır.
İştirakçılar sosial təbəqə baxımından da rəngarəngdir. Ənənəvi olaraq İran inqilablarında mühüm rol oynamış bazar tacirləri (bazari təbəqəsi) etiraz dalğasının aparıcı qüvvəsinə çevrilib. Onlar hökumətin iqtisadi siyasətinə etiraz olaraq ümummilli tətillərə çağırış ediblər.
Yanvarın 6-da müqəddəs Məşhəd şəhərindən paytaxt Tehrana qədər böyük bazarlarda kütləvi tətillər və yürüşlər keçirilib. Tələbələr və gənclər də ön sıralarda olub. Tehran başda olmaqla bir çox universitetlərdə tələbələr qiymət artımına etiraz edən plakatlarla çıxışlar ediblər.
Bundan əlavə, qərb regionlarında kənd əhalisi və işsiz gənclər, cənub-şərqdə sünni bəluclar da aksiyalara qoşulub ki, bu da etirazların cəmiyyətin müxtəlif təbəqələrini birləşdirdiyini göstərir. Məsələn, Kirmanşah və İlam kimi daha yoxsul bölgələrdə yaşayış şəraitinə və mərkəzi hökumətin laqeydliyinə etiraz olaraq kütlələr küçələrə çıxıb.
Sosial dinamika
Etirazların forması və şüarları zamanla təkamül edib. Əvvəlcə aksiyalar daha çox dinc iqtisadi tələblər səsləndirən yürüşlər və bazar tətilləri şəklində olub. İnsanlar “Rza şah, ruhun şad olsun!” kimi şüarlar belə səsləndiriblər. Bu, 1979 İslam İnqilabı ilə devrilmiş monarxiyanın banisini nostalji ilə anaraq indiki rejimə etirazın işarəsi kimi qiymətləndirilir.
Lakin hökumətin sərt reaksiyası artdıqca bəzi yerlərdə etirazlar iğtişaş xarakteri alıb. 31 dekabrda Fars əyalətinin Fasa şəhərində qəzəbli kütlə yerli qubernatorluğun binasına daxil olmağa cəhd göstərib; təhlükəsizlik qüvvələri onlara atəş açaraq dağıtmağa çalışıb.
Qərbdə Loristan əyalətinin Kuhdəşt şəhərində Basic adlı yarımhərbi dəstənin bir üzvü etirazçılarla toqquşma zamanı öldürülüb, 13 təhlükəsizlik əməkdaşı yaralanıb. Hakimiyyət orqanları həmin hadisəyə görə “xarici düşmənlərlə əlaqəli fürsətçiləri” günahlandırıblar. Onlar bunun dinc etirazçılardan sui-istifadə edərək iğtişaş törədən ünsürlərin işi olduğunu bildiriblər.
Eyni zamanda Tehran və digər şəhərlərdə də bəzən etirazçılar polis məntəqələrinə daş atmaqla və ya şinlər yandırmaqla aqressiya göstərib, polis isə cavab olaraq dəyənək, su şırnaqları və gözyaşardıcı qazla kütləni dağıdıb.
Aksiyaların formalaşması
Aksiyaların gedişatında diqqət çəkən məqamlardan biri də onların spontan başlanğıc nöqtəsindən tədricən daha koordinasiyalı xarakter almasıdır.
Ölkə xaricindəki müxalif qurumlar və şəxsiyyətlər də prosesə müdaxilə etməyə başlayıb. Məsələn, sürgündə yaşayan İran şahının oğlu Rza Pəhləvi bir videomüraciətlə iranlıları yanvarın 8-i və 9-u axşam saat 8-də kütləvi şəkildə birlikdə şüarlar səsləndirməyə çağırıb.
Eyni zamanda bir qrup kürd müxalifət partiyası da həmin gün ümumölkə tətili elan etməyə çağırış edib. Bu cür koordinasiya cəhdləri aksiyaların müəyyən bir liderlik və nizam qazanmasına yönəlsə də, İran daxilində internetə tətbiq olunan ciddi məhdudiyyətlər buna maneçilik törədir (İranda internet dünyanın ən senzuralı şəbəkələrindən biridir).
Buna baxmayaraq, etirazçılar kreativ yollarla mesajlar yayırlar. Məsələn, Ali Dini Lider Əli Xameneyinin “düşmənə boyun əyməyəcəyik” sözlərinə məşhur iş adamı Elon Maskın sosial şəbəkədə farsca cavabı – “چه خیال باطلی” (“nə boş xəyaldır”) şüara çevrilərək Həmədanda aksiyalar zamanı kütlə tərəfindən səsləndirilib.
Bir-birinə əks rəsmi reaksiyalar
Etirazların ilk günlərində İran hakimiyyəti mövqeyində qeyri-adi ikili ton nümayiş etdirib. Bir tərəfdən Prezident Məsud Pezeşkiyan və onun hökumətindəki nisbətən mülayim fiqurlar etirazçıların iqtisadi narazılıqlarını haqlı adlandırıb dialoqa hazır olduqlarını bəyan ediblər.
Pezeşkiyan dekabrın 30-da (etirazların üçüncü günü) sosial şəbəkədə yazaraq “xalqın dolanışıq dərdi hər gün mənim fikrimdədir” deyib. O Daxili işlər nazirinə bildirib ki, “etirazçıların qanuni tələbləri nümayəndələri vasitəsilə dinlənsin və hökumət bütün gücü ilə problemləri həll etməyə çalışsın”.
Dövlət sözçüsü Fatimə Mohəccərani də “Biz etirazları rəsmən tanıyırıq… onların səsini eşidirik və bilirik ki, bunlar xalqın dolanışıq təzyiqindən qaynaqlanır” deyə çıxış edib.
Hökumət rəsmləri bildiriblər ki, valyuta bazarında sabitlik yaratmaq və inflyasiyanı cilovlamaq üçün pul-kredit islahatları aparılacaq, bank sektoru sağlamlaşdırılacaq. Hətta Prezident təhlükəsizlik qüvvələrinə tapşırıq verib ki, dinc iqtisadi etirazçılara qarşı “heç bir güc tətbiq olunmasın”, yalnız silahlı təxribat törədənlər (bıçaq, odlu silah gəzdirib polis məntəqələrinə hücum edənlər) “iğtişaşçı: kimi nəzərdən keçirilsib.
Bu sözlər İran hakimiyyətinin son illərdəki etirazlara münasibətdə ən sülhpərvər tonu kimi qiymətləndirilib. Hətta polis rəisi Əhməd Rza Radan dövlət mediasına açıqlamasında vurğulayıb ki, “etirazçı” ilə “iğtişaşçı” ayrılacaq, sadəcə iqtisadi tələblə dinc toplananlarla “xarici xidmətlərin toruna düşmüş” şəxslərə fərqli yanaşılacaq.
Ali dini liderin sərt ritorikası
Digər tərəfdən, İranın ali rəhbər strukturları ənənəvi sərt ritorikadan əl çəkməyib. Ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyi yanvarın 3-də çıxış edərək etirazçılardan “düşmənlərin oyuncağı olan iğtişaşçılar” kimi bəhs edib və “iğtişaşçılar öz yerlərinə oturdulmalıdır” ifadəsini işlədib.
Xameneyi bildirib ki, iqtisadi çətinliklərd’n xəbərdardırlar, ancaq düşmən (yəni ABŞ, İsrail və Qərb) bu narazılıqlardan sui-istifadə edir və İran “təzyiqlərə boyun əyməyəcək”. O, etirazları yatırmaq üçün “zəruri addımların” atılacağını vurğulayıb.
Bu açıqlamadan dərhal sonra, yanvarın 3-dən etibarən, İnqilab Keşikçiləri Korpusu (Sepah), polis xüsusi təyinatlıları və Bəsic milisləri aksiyalara qarşı daha amansız şəkildə davranmağa başlayıb. Məsələn, İlam əyalətinin Maləkşahi bölgəsində dinc nümayişçilərə birbaşa güllə ilə atəşi açılıb, aralarında azyaşlı uşaq da olmaqla ən azı 4 nəfər öldürülüb.
Yaralı etirazçıların yerləşdirildiyi İlam xəstəxanasına da bir neçə dəfə basqınlar edilib, təhlükəsizlik qüvvələri yaralıları saxlayıb meyitləri götürməyə cəhd göstəriblər ki, bu da həkim heyəti və ailələrin ciddi müqaviməti ilə qarşılanıb.
Paytaxt Tehranda da Sina xəstəxanasının içərisinə gözyaşardıcı qaz atılması halları qeydə alınıb. Hökumət rəsmiləri bu iddiaları təkzib etsələr də (Tehran Tibb Universiteti administrasiyası qazın qəsdən xəstəxanaya atılmadığını söyləyib), müstəqil mənbələr xəstəxanalara hücumların son “Qadın, Həyat, Azadlıq” etirazlarında da baş verdiyini xatırladıb.

Nəticələr və perspektiv
Yanvarın 7-si etibarilə İrandakı etirazların gərginliyi nisbətən səngiməyə doğru gedir. Paytaxt Tehranda polis kütləvi güc nümayişi ilə bazarda nizamı bərpa etdiyini iddia edir, şəhərin bir çox yerlərində mağazalar yenidən açılmağa başlanıb.
Rəsmilər bildirir ki, “hər şey nəzarət altındadır” və etirazlar lokal səviyyədə səngiyir. Doğrudan da, 2022-23-cü illə müqayisədə bu dəfəki aksiyalar tamamilə bütün ölkəni iflic edən ümummilli üsyana çevrilməyib. Lakin buna baxmayaraq, müşahidəçilər vəziyyətin uzaq gələcək üçün gərgin qalacağını düşünürlər.
Etirazlar hər nə qədər zor gücünə yatırıldısa da, onları doğuran iqtisadi və siyasi səbəblər hələ də qalmaqdadır. İran hakimiyyəti hələlik kütləvi güzəştlərə getməyib – yalnız bazarda valyuta satışına müvəqqəti müdaxilələrlə rialın məzənnəsini sabitləşdirməyə çalışır və inflyasiyanı cilovlamaq üçün bəzi inzibati addımlar atacağını bəyan edib.
Hökumət milli pul islahatları planından söz açıb, amma bunun reallaşacağı hələ bəlli deyil. Rəsmi proqnozlara görə, ölkə 2026-cı ildə də resessiyaya (bir ölkənin iqtisadiyyatı ard-arda ən azı iki rüb (6 ay) ərzində mənfi iqtisadi artım göstərirsə, buna resessiya deyilir) girə bilər ki, bu da əhalinin güzəranını daha da çətinləşdirə bilər.
Bəzi müşahidəçilər qeyd edirlər ki, İran rejimi hələlik öz sütunlarını – silahlı qüvvələrini və təhlükəsizlik strukturunu möhkəm saxlamağı bacarır və bu, qısamüddətli perspektivdə ciddi dəyişikliklərin qarşısını alır. Bu son etirazlarda da orduda və SEPAH-da hər hansı ciddi parçalanma müşahidə olunmayıb; güc strukturları ümumilikdə ali rəhbərliyin yanında mövqe sərgiləyib. Bu isə o deməkdir ki, rejimin dərhal çökməsi ehtimalı azdır.
Lakin rejimin legitimliyi cəmiyyətdə getdikcə daha çox sual altına düşür: getdikcə çoxları iqtisadi çətinliklərin əsas səbəbi kimi sadəcə sanksiyaları yox, hakimiyyətdəki səriştəsizliyi və korrupsiyanı görür. Əgər iqtisadiyyat daha da pisləşərsə və ya xarici təzyiq (məsələn, yeni sanksiyalar və ya hərbi təhdidlər) artarsa, ölkədaxili narazılıq daha böyük partlayışlara yol aça bilər. Belə bir senaridə istisna deyil ki, hazırkı etirazlar kimi nisbi kiçik aksiyalar daha böyük hərəkatın başlanğıcı olsun.
İranda etirazlar