Azərbaycanda elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan olunur.

Bu qanun dəyişikliyi Milli Məclis tərəfindən edilib. Qeyd edək ki, bu qanuna edilən son dəyişiklik dekabrın 20-də baş tutsa da, orada közərmə lampaları barədə hər hansı qeyd olmayıb.

Bəs onda niyə bu dəyişiklik indi baş verir?

Deputatların tövsiyəsinə görə, işıq diod (LED) və kompakt flüorisent (CFL) lampalarına keçid hədəflənəcək.

Ölkəmizdə LED lampaların işıqlandırma üçün istifadəsi 2010-cu illərdən başlanıb. Azərbaycan hökuməti bu istiqamətdə artıq bir neçə ildir ki, Hollandiyanın “Signify“ şirkəti (keçmiş Philips Lighting N.V.) ilə yaxından əməkdaşlıq edir.

İlham Əliyev ilk dəfə “Signify“ şirkətinin icraçı direktoru Erik Rondolat ilə 2019-cu ildə keçirilən Davos İqtisadi Forumunda görüşüb. Bu görüşdə Erik Rondolat Bakı şəhərinin ümumi işıqlandırma sisteminin idarə edilməsi layihəsini “Signify“ şirkətinə həvalə edilməsini təklif edib.

İlham Əliyev 2020-ci ildə keçirilən Davos Forumunda da “Signify“ şirkətinin icraçı direktoru Erik Rondolat ilə görüşüb. “Signify“ şirkəti həmin il Azərbaycanda 33 min LED lampa quraşdırıb.

Erik Rondolat 2021-ci ildə “Report“ xəbər agentliyinə verdiyi müsahibədə deyib ki, Azərbaycanda “artıq 45 minə yaxın küçə işığı quraşdırmışıq, bunlardan da 28-30 mini Bakının payına düşür“. 2022-ci ildə isə “Signify“ şirkəti Azərbaycan hökuməti ilə “istixanalarda innovativ işıqlandırma texnologiyalarının tətbiqinə dair“ müqavilə imzalayıb.

İlham Əliyev 2023-cü ildə keçirilən Davos Forumunda yenidən Erik Rondolat ilə görüşüb. Əliyev həmin görüşdə deyib ki, “Signify“ şirkəti Bakı, Gəncə və Sumqayıt daxil olmaqla artıq Azərbaycanın 11 şəhərində işıqlandırma işləri görüb.

Bu il keçirilən Davos Forumu isə 20-24 yanvarda baş tutub. Bu dəfəki sammitdə İlham Əliyevlə Erik Rondolat arasnda birbaşa görüş keçirilməsi barədə publik məlumat olmasa da, sammitdən cəmi bir ay yarım sonra Azərbaycanda közərmə lampaları qadağa olunub, “tamamilə LED lampalarına keçid“ barədə müzakirələr aparılır.

Leave A Reply