Məktəbli bıçaqlanıb

Ağstafa şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə insident baş verib. Məktəbin şagirdi, 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə aprelin 23-ü məktəb ərazisində, dərsdən sonra və ya tənəffüs zamanı dava zəminində baş verib. U.İ. eyni məktəbdə oxuyan 9-cu sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralanma sol bud nahiyəsində qeydə alınıb.

Xəstəxanadan verilən məlumata görə, şagirdə vaxtında tibbi yardım göstərilib və onun vəziyyəti kafi qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə dərhal Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hücumda şübhəli bilinən 9-cu sinif şagirdinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bəzi valideynlər hadisəni “zarafat zamanı məftilin batması” kimi təqdim etsələr də, tibbi ekspertizanın nəticəsi kəsici-deşici alətlə xəsarət yetirilməsini təsdiqləyib.

Hadisə rayon ictimaiyyətində rezonans doğurub. Valideynlər məktəb təhlükəsizliyinin gücləndirilməsini və belə hadisələrin qarşısının alınması üçün tədbirlər görülməsini tələb edirlər.

Məktəbli bıçaqlanıb

Leave A Reply