Masallıda AXCP üzvü həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəbli saxlanılıb. Partiya həbsi siyasi motivli hesab edir.

Detallar

Masallıda AXCP üzvü həbs edilib - Əlixan Rəcəbli | foto: şəxsi feysbuk səhifəsi
Əlixan Rəcəbli | foto: şəxsi feysbuk səhifəsi

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun “Meydan TV”-yə dediyinə görə, Rəcəbli saxlanılarkən həbsinə etiraz olaraq özünə xəsarət yetirib, qollarını kəsib.

Ədilov bildirir ki, həbsdən bir neçə gün əvvəl Rəcəbli Masallı Rayon Polis İdarəsində əməliyyatçı Elvin adlı şəxslə mübahisə yaşayıb və bu barədə ona səs yazısı göndərib.

Səs yazısında Rəcəbli deyir ki, AXCP üzvü olduğunu bildikləri üçün təzyiqə məruz qalıb və öncədən həbsinə zəmin hazırlandığını düşünüb.



Həbs qərarı

Əlixan Rəcəbli yanvarın 7-də saxlanılıb. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan narkotik maddələrin əldə edilməsi, daşınması və emalı) ilə ittiham olunur.

Partiyanın mövqeyi

AXCP ittihamı əsassız sayır. Bildirilir ki, Rəcəbli ciddi səhhət problemlərindən əziyyət çəkir.

Partiya üzvləri onun sosial şəbəkələrdə yazdığı tənqidi fikirlərə görə həbs olunduğunu iddia edirlər.

Kontekst

Hazırda Əli Kərimli də daxil olmaqla AXCP-nin 20-dən çox üzvü həbsdədir. Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də konstitusiya quruluşunu zorla dəyişməyə cəhd ittihamı ilə 2 ay 15 gün müddətinə həbs olunublar.

AXCP bu həbsləri siyasi sifariş adlandırır.

Masallıda AXCP üzvü həbs edilib

Leave A Reply