Açılmamış cinayət
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2002-ci il oktyabrın 7-də Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun öldürülməsi işinin üstü açılıb. Həmin gecə binadan müxtəlif əşyalar da oğurlanıb.
Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnib. Toplanan dəlillərə görə, cinayəti 1997-ci ildə akademiyadan xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Vüqar Cahangirovun törətdiyinə əsaslı şübhələr müəyyən edilib.
Cahangirov noyabrın 4-də saxlanılıb. Noyabrın 6-da ona Cinayət Məcəlləsinin zərərçəkmişi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, tamah məqsədilə və başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə maddələri ilə ittiham verilib. Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.


