Oskar mükafatı laureatları mükafatı alarkən, bir qayda olaraq, öz ətraflarına, yaxınlarına və Tanrıya minnətdarlıq ifadə edirlər. Kino industriyasının hərəkətverici qüvvəsi olan studiyalarsa çox zaman unudulur.

«Variety» jurnalının məlumatına görə, kino şirkətlərinin Oskar mükafatını almaq üçün apardıqları kampaniyaya xərclədikləri məbləğ 20 milyonla 30 milyon dollar arasındadır. Balaca bir heykəlcik üçün nəhəng məbləğdir. Ancaq mükafatı qazanmaq, ya da, heç olmasa, namizədliyi əldə etmək studiyanın gələcəyini bir gecədə dəyişə bilər! Oskar mükafatı A24 kimi kiçik studiyalara da, Disney kimi nəhəng studiyalara da prestij qazandırır. Bu qələbə bu studiyaların blokbasterlər çəkməkdən başqa həm də mükafatlar qazana bildiyini göstərir. Ancaq Oskar uğrunda mübarizə artıq ənənəvi studiyalar arasındakı rəqabət deyil. Netflix və Amazon kimi texnologiya şirkətlərinin son illərdə öz nəhəng pulları ilə bu rəqabətə qoşulması əhəmiyyətli hadisədir.

«Hər kəsin bu rəqabətə qoşulmaq istəməkdə öz maraqları var. Kimsə öz nüfuzunu möhkəmləndirmək istəyir, studiya rəhbərləri daha çox insanı onunla işləməyə həvəsləndirməyə çalışır. Bununla siz kino industriyasının zirvəsinin dəyərləndirdiyi əsər yarada bildiyinizi sübut etmiş olursunuz», – «The New York Times»ın müxbiri Kyle Buchanan deyir.

Netflix-in oyunpozanlığı

Yaxın vaxtlaradək autsayder sayılan Netflix kino industriyasında oturuşmuş qaydaları pozmaq cəhdləri ilə tanınır.

İndi Netflix yenidən Disney və Warner Bros. kimi iri studiyaların olduğu oyuna girir. Netflix-in ən yaxşı film nominasiyasına iddialı «Roma» filminin tanıdılmasına 25-30 milyon dollar xərclədiyi bildirilir. Striminq nəhəngi artıq Yer kürəsində ən dominant media şirkətlərindən biridir. Yaxşı, Oskar Netflix-in nəyinə lazımdır?

İstənilən digər studiya kimi, Netflix də Oskarla ən istedadlı insanları özü ilə əməkdaşlığa cəlb edə bilər. Abunəçilər üçün eksklüziv kontent yaratmaq baxımından bu, çox vacibdir. «Roma» ən yaxşı film nominasiyasından başqa, həm də ən yaxşı rejissor işi, ən yaxşı aktyor işi və ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyalarında namizəd idi.

««Roma» filmini çəkən Alfonso Cuarón Hollivudun bir neçə ən yaxşı filmlərinin müəllifidir. Harry Potter silsiləsindən olan üçüncü film, «Gravity» filmi onlardan biridir. Beləliklə, Netflix ümid edir ki, «Roma»ya görə ona bu möhtəşəm imkanı yaratsalar, onlar üçün filmlər çəkməyə davam edəcək və Netflix bir növ kino industriyasında öz yerini möhkəmlədəcək», – Buchanan deyir. Qeyd edək ki, Cuarón 2014-cü ildə də ən yaxşı rejissor nominasiyasında Oskara layiq görülüb.

Ancaq Buchanan hesab edir ki, Netflix-in bu qələbədə maraqlı olmasının başqa səbəbi də var: «O, əlini qoyduğu hər hansı sahəni pozmaqda maraqlıdır».

Netflix auditoriyanın film izləmə tərzini kökündən dəyişdirməyə çalışır. O bunu öz yeni filmlərini kinoteatrlarla eyni vaxtda öz striminq xidmətinə yerləşdirməklə edir. Yaxud da ümumiyyətlə, filmlərini kinoteatrlarda nümayiş etdirmir. Əlbəttə, onun bu hərəkəti gəlirləri kassa və konsessiya satışlarından asılı olan kino industriyasını qəzəbləndirir.

Amazon «müxtəlif pəncərələr»dən danışır

Digər tərəfdən, Amazon Oskar yarışına bir o qədər də ziddiyyətlə üzləşmədən daxil olub. Bu, əsasən, onun oyun qaydalarına uyğun davranmasıyla bağlıdır. O, özünün «Manchester by the Sea» kimi məşhur filmlərini Prime striminq xidmətinə yerləşdirməzdən öncə onların kinoteatrlarda standart 90 günlük göstərilməsinə imkan verib.

Ancaq tezliklə bu dəyişə bilər. Amazon Studios-un rəhbəri Jennifer Salke bu yaxınlarda studiyanın öz filmlərini «müxtəlif pəncərələr»də buraxmağı planlaşdırdığı haqda siqnal verib.

Unutmaq olmaz ki, Oskar nominasiyası çoxsaylı xəbər başlıqlarına yol açır. Bunun nəticəsində filmin «ayaqları» kinoteatrlarda nümayiş bitəndən sonra da uzana-uzana gedir. İnsanlar Oskara layiq görülmüş, yaxud namizəd olmuş filmə daha çox maraq göstərirlər.

Ən yaxşı film nominasiyasında qalib olmuş «Moonlight» kimi prestijli, ancaq kiçik, aşağı büdcəli filmlər üzrə ixtisaslaşmış A24 kimi studiyalar üçün bu çox vacibdir. Nominasiya, yaxud qələbə onların kassa gəlirlərinin kəskin artmasına yol açır. Məsələn, Fox Searchlight şirkətinin «The Favourite» filminin Oskara namizəd göstərildiyi həftənin sonu filmin kassa gəlirləri öncəki həftə ilə müqayisədə 212% artıb. Ötən il «The Shape of Water» filminin «ən yaxşı film» nominasiyasında namizəd göstərildiyi həftəsonu onun kassa gəlirləri öncəki həftə ilə müqayisədə 171% yüksəlib.

Mənbə: AzadlıqRadiosu

Leave A Reply