ABŞ-da minlərlə təyyarə reysi təxirə salınıb

Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar bahalaşaraq 76,16 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar ucuzlaşaraq 73,04 dollara enib.

“Reuters” yazır ki, COVID-19-a yoluxmaların artması təyyarə uçuşlarının ləğvinə səbəb olub.
Minlərlə uçuşun ləğvi də neftin qiymətlərinə təsir edib.

Sayt yazır ki, hətta bu gün ABŞ xam nefti bir dollardan çox ucuzlaşıb. Bu, aviaşirkətlərin ABŞ-da Milad ərəfəsi minlərlə uçuşu dayandırmasından sonra baş verib.

COVID-19-un yeni “Omicron” variantı yüngül olsa da, yüksək ötürücülük qabiliyyətinə malikdir.
Bu da son həftələrdə dünyada COVID-19-a yoluxma sayının artmasına səbəb olub.

Uçuşların ləğv edilməsinin bir səbəbi kimi də kadr çatışmazlığı göstərilir. Bu da COVID-19-la əlaqələndirilir.
Analitiklər düşünürlər ki, yaşananlardan ehtiyatlanan neft bazarları, ümumiyyətlə, yaxınmüddətli tələblə bağlı ehtiyatlı davranırlar.

Sinqapurda yerləşən “DailyFX”in analitiki Leona Liu bildirib ki, “Omicron” variantı daha sürətli yayılsa da, yoluxmuş insanlar xəstəliyi yüngül simptomlarla keçirir.

Ancaq bu variant nəticə etibarilə yoluxma statistikasına ciddi təsir göstərir:

“Hətta vəziyyət o yerə çatıb ki, yoluxma sayı neft qiymətlərinə təsir edib. İnsanların bu yeni koronavirus növünü yüngül keçirmələri sübut olunarsa, bazara təzyiq azala bilər”.

Avropadada təbii qazın qiymətləri də keçən həftə rekord həddə çatıb.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-də açıqlama verərək deyib ki, Avropa İttifaqı qazın rekord qiymətinə görə yalnız öz siyasətini günahlandırmalıdır. Çünki Avropa İttifaqının bəzi üzvləri ucuz rus qazını baha qiymətə satmağa maraqlıdır.

2022-ci il yanvarın 4-də OPEC+ alyansının növbəti iclası keçiriləcək.
İclasda hasilatın gündəlik 400 min barel artırılmasının davam etdirilib etdirilməməsi barədə qərar qəbul ediləcəyi gözlənilir.

Rusiyanın baş nazirinin müavini Alexander Novak Rusiya neft qiymətlərinin gələn il əhəmiyyətli dərəcədə dəyişməyəcəyinə və tələbin yalnız 2022-ci ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyəyə çatacağına inanır.

Leave A Reply