Papa Afrikada sülh
Roma Papası Leo XIV Kamerunun münaqişə bölgəsi Bamenda şəhərinə səfəri zamanı separatçı qarşıdurmanın mərkəzində güclü sülh çağırışları edib.
Papa Bamendaya gələrək Müqəddəs İosif Katedralində yerli icma liderləri, müxtəlif dini konfessiyaların nümayəndələri və ənənəvi rəhbərlərlə sülh görüşü keçirib.
Görüş zamanı o, regionda 2017-ci ildən davam edən “Anglofon böhranı” (ingilisdilli separatçı qarşıdurma) ilə bağlı dərin narahatlığını ifadə edib.
Papa Leo XIV vurğulayıb ki, “sülhün vaxtı çatıb – o, sabah yox, bu gün, gələcəkdə yox, indi”dir. O, dinin hərbi, iqtisadi və ya siyasi məqsədlər üçün manipulyasiya edilməsini qəti şəkildə pisləyərək, “müharibə ustaları”nı tənqid edib. Görüşün sonunda Papa sülh simvolu olaraq göyərçin buraxıb.
Bamenda Beynəlxalq Hava Limanında keçirilən açıq səma altında Müqəddəs Mərasimdə isə təxminən 20 min insan iştirak edib. Papa burada da sülh, barışıq və ədalətə çağırışlarını davam etdirib. Separatçı qruplar Papanın səfəri şərəfinə üç günlük atəşkəs elan ediblər.
Bu səfər Kamerunun ingilisdilli şimal-qərb və cənub-qərb regionlarında on ildir davam edən şiddətli münaqişəyə beynəlxalq diqqəti yenidən artırıb. Münaqişə nəticəsində minlərlə insan həlak olub, yüz minlərləsi isə didərgin düşüb.
Papa Leo XIV-nün Afrika səfərinin bir hissəsi olan Bamenda ziyarəti regionda sülh və barışıq ümidlərini artırıb.
Roma Papası Leo XIV səfər zamanı Bamendanın sakinlərinə “sülhün elçisi” kimi qarşılanıb və onun ziyarəti bölgədə uzun illərdir davam edən zorakılığa son qoymaq üçün yeni ümid yaradıb.
Papa Afrikada sülh