Qazinin əlilliyi uzadılmayıb

İkinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Ramin Ağabəyov əlillik müddəti bitdikdən sonra yenidən əlillik təyin edilmədiyini və pensiyasının dayandırıldığını deyir. Onun sözlərinə görə, bu ilin avqustunda beş illik əlillik müddəti başa çatıb, eyni diaqnozlar qalsa da, əlillik yenidən verilməyib.

Ramin Ağabəyov müharibə zamanı Murovdağ istiqamətindəki ağır döyüşlərdə başından və sol ayağından odlu silah yarası alıb. O, 2021-ci ilin avqustunadək müxtəlif xəstəxanalarda müalicə olunub, sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalı onu hərbi xidmətə yararsız sayıb. Zabitə “kəllədaxili travmaların nəticələri”, qapalı kəllə-beyin travması, posttravmatik ensefalopatiya və postkontuzion sindrom diaqnozları ilə beş il müddətinə II dərəcəli əlillik təyin edilib.

Ağabəyov deyir ki, beş il əvvəl eyni diaqnozlarla ona II qrup əlillik verilib, indi isə əlilliyin düşmədiyini bildirirlər. Onun sözlərinə görə, ehtiyatda olan zabit kimi Qusar rayonunda Dövlət Gömrük Komitəsinin və hərbi komissarlığın şöbələrinə işə qəbul üçün müraciət edib, hər ikisindən imtina cavabı alıb. Əlilliyi müəyyən edən qurumların bu iddia ilə bağlı mövqeyi hələlik məlum deyil.

Son illərdə əlilliyin müəyyən edilməsi qaydaları dəyişdirilib, İkinci Qarabağ müharibəsi iştirakçıları da daxil olmaqla vətəndaşlar yeni qaydaların əlillik almağı çətinləşdirdiyindən şikayət edir. Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəyə görə, 2021-ci ilin əvvəlindən 2026-cı il iyulun 1-dək əlilliyə görə əmək pensiyası alanların sayı 128 min 622 nəfər, yəni 34,4 faiz azalıb. Rəsmilər əlilliyin müəyyən edilməsi qaydalarındakı dəyişiklikləri subyektiv qərarların və qanun pozuntularının qarşısını almaq zərurəti ilə izah edir.

Leave A Reply