Hüquqşünasa 8 il istənilib
Vəkillər Kollegiyasının keçmiş üzvü, 72 yaşlı hüquqşünas Namizəd Səfərov dələduzluq ittihamı ilə 8 il həbs cəzası ala bilər: Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 19-da hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ona bu cəzanın verilməsini istəyib. Prosesi izləyən “Azadlıq Radiosu”nun yazdığına görə, prokuror ittihamın məhkəmədə sübuta yetirildiyini deyib.
Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham olunur. İttihama görə, o, Günel Əfəndiyeva adlı qadına vəzifəli şəxslərlə əlaqələri vasitəsilə onu yenidən işə düzəldəcəyini vəd edib, ondan 53 min manat alıb, vədini isə yerinə yetirməyib. Səfərov 2025-ci il dekabrın 9-dan həbsdədir.
Hüquqşünas özünü təqsirli bilmir və ittihamın saxta olduğunu deyir. Onun sözlərinə görə, həbsindən əvvəl nə bu qadınla görüşüb, nə də ondan pul alıb; sübut kimi nə telefon zəngi, nə də yazışma var. Səfərov siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Müdafiə tərəfi prokurorun çıxışından əvvəl 19 vəsatət qaldırıb. Vəkillər, o cümlədən, telefon anten məlumatlarının və kamera görüntülərinin alınmasını istəyiblər ki, zərərçəkmişin dediyi vaxtlarda və yerlərdə onun Səfərovla görüşüb-görüşmədiyi aydınlaşsın. Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Vəkillər məhkəmənin faktiki olaraq heç bir araşdırma aparmaq istəmədiyini deyib.
Növbəti məhkəmə iclası noyabrın 26-da keçiriləcək. Həmin gün vəkillər müdafiə nitqi ilə çıxış edəcək, Səfərov son sözünü deyəcək və hökm oxunacaq.
Namizəd Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından xaric edilib. O, bunu Kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib, Kollegiya isə qərarı qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıb. Səfərov müxalifətdəki Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub, 2020-ci ildə oradan istefa verib, müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb. “Azadlıq Radiosu”nun məlumatına görə, son dövrdə o, xaricdəki mühacirlərin yaratdığı “Azərbaycan Xalq Parlamenti”nin üzvü idi.


