Təzyiq dərmanı sığortadan
Azərbaycanda gələn ilin aprel ayından ambulator müalicədə reseptlə yazılan dərmanların icbari tibbi sığorta hesabına verilməsinə başlanması planlaşdırılır. Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev noyabrın 19-da “Dövlət-biznes əməkdaşlıq forumu”ndakı panel sessiyada deyib.
Rzayevin sözlərinə görə, hazırda vətəndaşlar sığorta hesabına yalnız xəstəxanada, stasionar şəraitdə göstərilən xidmətlər zamanı işlədilən dərmanlarla və tibbi sərfiyyat materialları ilə təmin olunur. Ambulator müalicədə, yəni poliklinikada və ya evdə müalicə üçün həkimin reseptlə yazdığı dərmanları isə insanlar öz pulları ilə alırlar.
İlk mərhələdə arterial hipertenziyanın, yəni yüksək qan təzyiqinin müalicəsində işlədilən 26 adda dərman xidmətlər zərfinə salınacaq. Rzayev bildirib ki, bununla bağlı qanunvericilik və normativ sənədlərin layihələri hazırlanıb və təsdiqə göndərilib; agentlik onların yaxın günlərdə təsdiqlənəcəyini gözləyir.
Agentlik rəhbərinin sözlərinə görə, özəl apteklər sistemə qoşulacaq və dərmanlar elektron resept əsasında veriləcək. Aptekləri elektron sistemlərə qoşmaq üçün texniki tapşırıqlar hazırlanıb və Səhiyyə Nazirliyinə, eləcə də digər aidiyyəti qurumlara göndərilir. Rzayev xəstənin dərmanın dəyərinin bir hissəsini ödəyib-ödəməyəcəyi barədə məlumat verməyib.
Noyabrın əvvəlində “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklə icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2027-ci ildən 2030-cu ilədək təxirə salınması təklif olunub. Bu mexanizmə görə, ilkin tibbi yardıma müraciət etmədən birbaşa ixtisaslaşmış həkimə gedən sığortaolunan xidmətin bir hissəsini özü ödəməlidir.


