Kiyevin körpüləri vurulub
Rusiya noyabrın 20-nə keçən gecə Kiyevə ballistik raketlərlə zərbələr endirib, Dnepr çayı üzərindəki üç körpü zədələnib. Kiyevin meri Vitali Kliçkonun “Telegram” kanalında yazdığına görə, Podil-Voskresenski körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb; Cənub və Darnitsa körpüləri də zədələnib, lakin hələlik bağlanmayıb.
Mer sağ və sol sahillər arasında hərəkətin çətinləşdiyini bildirərək kiyevlilərdən şəxsi avtomobillərindən istifadə etməməyi xahiş edib. Kliçkonun sözlərinə görə, gecə “Kiyevvodokanal” su təchizatı müəssisəsinin obyekti də vurulub; zərbələr nəticəsində üç nəfər ölüb, 15 nəfər xəsarət alıb. Peçersk, Solomenski və Holosiyiv rayonlarında elektrik təchizatı kəsilib, trolleybuslar işləmir. “Meduza”nın məlumatına görə, səhər saat 07:40-da hücum hələ davam edirdi.
Rusiya Müdafiə Nazirliyi isə gecə yüksək dəqiqlikli silahlarla və dronlarla “kütləvi zərbə” endirildiyini açıqlayıb. Nazirliyin “İnterfaks”a verdiyi məlumata görə, hədəflər Ukraynanın hərbi-sənaye müəssisələri, enerji və nəqliyyat obyektləri, gəmilər və liman infrastrukturu olub.
Kiyev bir gün əvvəl, noyabrın 19-da da gündüz saatlarında vurulub. “France 24”ün məlumatına görə, həmin zərbələrdə bir nəfər ölüb, tarixi kilsə binası, eləcə də Avstriyanın və Niderlandın səfirlikləri zədələnib. Niderlandın xarici işlər naziri Tom Berendsen səfirliyin yaxınlığına mərmi düşdüyünü və binanın zədələndiyini bildirib.
Zərbələr Rusiya, ABŞ və Çin liderlərinin Çinin Şençjen şəhərindəki görüşündən və Ukraynanın müttəfiqlərinin Berlindəki sammitindən dərhal sonra endirilib. Berlindəki sammitdən sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiyanın Avropa ölkələrinin də qatılacağı danışıq formatına razılaşdığını demişdi.


