Qazi intiharları

2020‑ci ilin noyabrında başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi on minlərlə əsgər və könüllünü cəbhə bölgələrinə səfərbər etmişdi. 44 gün geridə qalsa da, müharibənin fiziki və psixoloji izləri qazilərin gündəlik həyatına təsirsiz ötüşməyib.

Müharibədən sonrakı illərdə bu qrupdakı intihar hadisələri cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib.

Rəsmi qurumlar sistemli statistika dərc etmədiyi üçün yayılan məlumatlar dağınıqdır. Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, müharibədən sonrakı 5 il ərzində 40 qazi işsizlik, borclar, maddi sıxıntılar və psixoloji yardımın əlçatan olmaması kimi səbəblərə görə intihar edib.

Rəsmi statistika yoxdur

Müdafiə Nazirliyi və digər rəsmi qurumlar qazi intiharlarına dair ümumi statistikanı açıqlamır. Ona görə də jurnalistlər və hüquq müdafiəçiləri sosial şəbəkələrdə yayılan məlumatları və yerli media xəbərlərini toplayaraq, təxmini rəqəmlər təqdim edir. 2022‑ci ilin yayında paylaşılan hesablamalara görə, intihar etmiş qazilərin sayı 35 nəfər idi. 2023‑cü ilin ortalarına qədər bu göstərici 43-ə çatıb.

Lakin bu siyahılardakı intiharlar spesifik olaraq İkinci Qarabağ Müharibəsinin iştirakçılarını əhatə edə bilməyib. Siyahılara müharibədə iştirak etməyən, lakin müharibədən sonrakı dövrdə intihar edən hərbçilər də əlavə edilmiş, 44 günlük müharibədə iştirak edən və sonradan intihar edən bəzi qazilər isə qeyd olunmamışdı.

Aşağıdaki siyahını tərtib edərkən əldə etdiyimiz məlumatlar əsasında 2026-cı ilin fevral ayı üçün İkinci Qarabağ Müharibəsində iştirak edən və sonradan intihar edən qazilərin sayının 40 olduğu görünür.

İntiharların səbəbləri nələrdir?

Araşdırma zamanı müxtəlif mənbələrdə yer alan qazi intiharlarının arxasındakı səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar.

Psixoloji travma və posttravmatik stress pozuntusu (PTSD)

İkinci Qarabağ müharibəsində döyüşən yüzlərlə insan partlayışlar, yaralanmalar və yaxın dostlarının itkisinin şahidi olub. Müstəqil ekspertlər bu insanlarda posttravmatik stress sindromu (PTSD), yuxusuzluq, depressiya və əsəb pozuntularının geniş yayıldığını bildirirlər.

Həmçinin bildirilir ki, qazilərin çoxu psixoloji yardımdan yayınır. Terapiyanın uzun olması və müxtəlif stereotiplərin buna mane olduğu deyilir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda psixoloji yardım professional şəkildə təşkil edilmir. Psixoloji yardıma ehtiyacı olanların saxlanıldığı mərkəzlərdə işgəncə və pis rəftar halları vaxtaşırı olaraq mediada səsləndirilir.

Sosial-iqtisadi problemlər və bürokratik çətinliklər

Qazilərin bir çoxu müharibədən qayıtdıqdan sonra iş tapa bilmir və ailə dolanışığı üçün yetərli gəlir əldə etmir.

Onların bəziləri cəbhədən qayıtdıqdan sonra bir çox səbəbdən işləyə bilmir. Verilən 80 AZN məbləğində təqaüdlər isə kifayət etmir, bu rəqəm minimum əməkhaqqıdan dəfələrlə aşağıdır.

Məhz bu səbəblə bir sıra qazi intiharların arxasında “ağır sosial vəziyyət və maddi sıxıntılar” dayanır.

Əlillik statusu almaq üçün isə uzun bürokratik proseslərdən keçmək lazımdır. Bəzi qazilər sənədləşmə ilə bağlı süründürməçiliklə üzləşir. Onlar dəfələrlə Sosial Müdafiə Nazirliyinin qarşısında etirazlar keçirsələr də, bunların bir faydasının olmadığını deyirlər.

Bir çoxu lazım olan səhiyyə komissiyalarından keçə bilmir. Bu vəziyyətin daha da ağırlaşdırdığı maddi sıxıntılar səbəbilə fərqli intihar üsullarına əl atırlar. Bir sıra intihar hadisələrində qazilərin borc yükündən və iş tapa bilməməsindən bəhs edilir.

Qazi intiharlarının ən sonuncusu da elə bu səbəbdən baş verib. Fevralın 7-də Sumqayıt şəhərinin bulvar ərazisində Natiq Şamilovun cansız bədəni tapılıb. Yaxınları deyir ki, Natiq Şamilovun borcları var idi və o borc sahibləri tərəfindən sıxışdırılırdı.

Dövlət dəstəyi və reabilitasiya xidmətlərinin yetərsizliyi

Səlahiyyətli qurumlar minlərlə şəhid ailəsinə və qaziyə psixoloji yardım göstərdiyini desə də, bu xidmətlər ehtiyacları qarşılamır. Qazi statusu olmayan bir çox müharibə iştirakçısı isə ümumiyyətlə bu yardımdan faydalana bilmir.

Beynəlxalq və yerli ekspertlər qeyd edirlər ki, əksər qazilər üçün peşə reabilitasiyası, yeni iş bacarıqlarının öyrədilməsi və sosial inteqrasiya proqramları mövcud deyil.

İntihar edən müharibə iştirakçıları

Vüsal Musayev qazi
Vüsal Musayev

1. İkinci Qarabağ müharibəsinin iştirakçısı, müddətdən artıq xidmət edən əsgər Vüsal Eldar oğlu Musayev Bakıda müalicə aldığı psixiatrik hospitalda intihar edib.

O, ağır kəllə-beyin travması alıb və müharibədən sonra psixoz diaqnozu ilə müalicə görüb.

Tarix: 6 yanvar 2021-ci il

Yunis Mənsurov qazi
Yunis Mənsurov

2. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Abşeron rayonu Sulutəpə qəsəbəsi sakini, hərbi xidmətdən yenicə qayıtmış 24 yaşlı Yunis Seymur oğlu Mənsurov intihar edib.

Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb. Bildirilib ki, o, psixoloji problemlərdən əziyyət çəkib və müharibədən qayıtdığı gündən ancaq orada baş verənləri sayıqlayıb.

Tarix: 7 yanvar 2021-ci il

Alim Məmmədov qazi
Alim Məmmədov

3. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sumqayıt sakini, 32 yaşlı kapitan Alim Nazim oğlu Məmmədov Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq özünü öldürüb.

Alim Məmmədov Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri olub.

Tarix: 30 yanvar 2021-ci il

Fərman Həsənov qazi
Fərman Həsənov

4. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Daşkəsən rayonu Pirverdilər kənd sakini 31 yaşlı Fərman Fərhad oğlu Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Onun hansı səbəblə həyatına qəsd etdiyi məlum deyil.

Tarix: 23 fevral 2021-ci il

Fərid Quliyev qazi
Fərid Quliyev

5. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Yardımlı rayonu Urakəran kənd sakini 27 yaşlı Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

O, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

“Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı”, – deyə yaxınları qeyd edib.

Tarix: 24 fevral 2021-ci il

 İmdad Qəhrəmanov qazi
İmdad Qəhrəmanov

6. İkinci Qarabağ müharibəsinin iştirakçısı, İmişli rayonu Ağcüyür kənd sakini, 26 yaşlı İmdad Niyazi oğlu Qəhrəmanov gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. O, hərbi sanitar olub.

İntiharın hansı səbəblə baş verdiyi məlum deyil.

Tarix: 10 aprel 2021-ci il

Rüfət Nəbizadə qazi
Rüfət Nəbizadə

7. İkinci Qarabağ Müharibəsi iştirakçısı, Abşeron sakini, 23 yaşlı leytenant Rüfət Ağayar oğlu Nəbizadə Novxanı kəndində intihar edib.

Nəbizadənin psixoloji durumuna görə intihar etdiyi bildirilir.

“Oğlum müharibə vaxtı iki dəfə kontuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi.

Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs, belə bir hadisə baş verib”, – deyə intihar edən leytenantın atası Ağayar Nəbizadə bildirib.

Tarix: 6 may 2021-ci il

azərbaycan əsgəri
simvolik foto

8. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Ağdamın Quzanlı qəsəbəsinin sakini, 25 yaşlı Şəmil Elman oğlu Dadaşov yaşadığı rayonda intihar edib (fotosunu tapmaq mümkün olmadı).

Əsgər Şəmil Dadaşov “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlı azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tarix: 29 may 2021-ci il

Emin Cəlilov qazi
Emin Cəlilov

9. İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı, Şirvan şəhər sakini 33 yaşlı Emin Eldəniz oğlu Cəlilov yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Hansı səbəblə intihar etdiyi məlum deyil.

Tarix: 28 iyun 2021-ci il

Bəhman Abbaslı

10. İkinci Qarabağ müharibəsi iştirakçısı, Cəlilabad şəhəri Məhəmməd Hadi küçəsi sakini Bəhman Bəhlul oğlu Abbaslı yaşadığı rayonda intihar edib.

Bəhmən Abbaslı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib.

Niyə intihar etdiyi məlum deyil.

Tarix: 4 iyul 2021-ci il

Murad Nəcəfov qazi
Murad Nəcəfov

11. İkinci Qarabağ müharibəsi iştirakçısı, Salyan şəhər sakini 20 yaşlı Murad Əsəd oğlu Nəcəfov özünü Kür çayına ataraq intihar edib.

Murad Nəcəfov döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunub.

Murad intiharından 9 gün əvvəl tərxis olunubmuş. Onun müharibədə kontuziya aldığı bildirilir.

Tarix: 10 iyul 2021-ci il

Fuad Bayramov qazi
Fuad Bayramov

12. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Xaçmaz rayonu Qaraqurdlu kənd sakini Fuad Samir oğlu Bayramov hərbi xidmətdə olduğu Goranboy rayonunda yerləşən hərbi hissədə intihar edib.

İntiharın səbəbi məlum deyil.

Tarix: 13 avqust 2021-ci il

Namin Məmmədov qazi
Namin Məmmədov

13. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Tovuz sakini, 22 yaşlı gizir, feldşer Namin Ruslan oğlu Məmmədov məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.

Namin Məmmədovun Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdiyi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildiyi bildirilir.

Niyə intihar etdiyi bilinmir.

Tarix: 14 oktyabr 2021-ci il

Ülvi İsgəndərov qazi
Ülvi İsgəndərov

14. Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Ülvi İsfəndiyar oğlu İsgəndərov Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsində yerləşən bir mənzildə intihar edib.

Ülvi İsgəndərovun Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etdiyi bildirilir.

Atasının sözlərinə, Ülvi İsgəndərov müharibədən sonrakı 1 ildən çox müddətdə iş tapa bilməyib, həmçinin dövlət qurumlarının ona qarşı laqeydliyindən şikayətlənib.

Tarix: 22 noyabr 2021-ci il

İsmət Babakişiyev qazi
İsmət Babakişiyev

15. İkinci Qarabağ müharibəsi iştirakçısı, Gədəbəy rayonu, Çanaqçı kənd sakini, 22 yaşlı İsmət Namiq oğlu Babakişiyev yaşadığı kənddə özünü asaraq intihar edib.

Məlumata görə, İsmət Babakişiyev Vətən müharibəsində əsgər kimi iştirak edib. O, döyüşlərə “Xüsusi Təyinatlı Qüvvələr”in tərkibində qatılıb. Qeyd olunur ki, İsmət Babakişiyev Şuşa yaxınlığında gedən döyüşlərdə 24 gün mühasirədə qalıb. O, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunub. 

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Tarix: 3 aprel 2022-ci il

Feyruz Qəhrəmanov qazi
Feyruz Qəhrəmanov

16. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Qusar rayonu Əniq kəndi sakini Feyruz Qəhrəman oğlu Qəhrəmanov özünü ağacdan asaraq, həyatına son qoyub.

Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurmuş.

Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov bildirib ki, psixoloji problemlər yaşayan müharibə iştirakçısı məhz bu səbəbdən canına qəsd edib.

Tarix: 21 aprel 2022-ci il

Əlisahib Məmmədov qazi
Əlisahib Məmmədov

17. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Cəbrayıl rayonu Sarıcalı kənd sakini Əlisahib Malik oğlu Məmmədov yaşadığı yaşadığı Bəlisəuvar rayonundakı 1 saylı Cəbrayıl köçkün qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

Tarix: 22 may 2022-ci il.

Kənan Vəliyev qazi
Kənan Vəliyev

18. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Xaçmaz rayon sakini, 24 yaşlı Kənan Mənsur oğlu Vəliyev özünə qəsd edərək intihar edib.

Onun ailə münaqişəsi çərçivəsində intihar etdiyi deyilir.

Tarix: 28 may 2022

Adil Bayramov qazi
Adil Bayramov

19. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Salyan rayon Kürqaraqaşlı kənd sakini, 20 yaşlı Adil Müşfiq oğlu Bayramov Sumqayıt şəhəri 34-cü məhəllədə yaşadığı evdə özünü asaraq intihar edib.

Adil Bayramovun “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildiyi bildirilir.

Adil Bayramovun da hansı səbəblə intihar edildiyi yazılmayıb.

Tarix: 1 iyun 2022-ci il

Gümrah Səfərquliyev qazi
Gümrah Səfərquliyev

20. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Qusar rayon Yasaboba kənd sakini, 22 yaşlı Gümrah Fuad oğlu Səfərquliyev Xaçmaz rayonu Seyidli kəndində yerləşən “Flaqman” istirahət mərkəzinin həyətində ağacdan özünü asıb.

Niyə intihar etdiyi bilinmir.

Tarix: 1 iyun 2022

Maşallah Mənəfov qazi
Maşallah Mənəfov

21. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sabirabad rayonu Cavad kənd sakini 36 yaşlı Maşallah Gülağa oğlu Manafov rayonun “Qoşa turba” adlanan ərazisində, qardaşına məxsus torpaq sahəsində özünü asaraq intihar edib. 

O, Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasını tərk etdikdən sonra bu addımı atıb. Qardaşının açıqlamalarına görə, Maşallah Mənəfov bələdiyyənin və icra hakimiyyətinin laqeydliyindən şikayətçi olub, ona yardım edilməməsi səbəbindən canına qəsd edib.

Tarix: 16 iyun 2022

İlham Həsənov qazi
İlham Həsənov

22. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Şəmkir rayonu Yeni Həyat kənd sakini 26 yaşlı İlham Yılmaz oğlu Həsənov Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən İlham Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Onun əlillik dərəcəsinin təyin olunmaması səbəbilə intihar etdiyi deyilir.

Tarix: 4 iyul 2022-ci il

Elvin Cəfərov qazi
Elvin Cəfərov

23. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sabirabad rayonu Qalağay kənd sakini, 3‑cü dərəcəli əlil, 35 yaşlı (Mauqli ləqəbi ilə tanınan) Elvin Cəfərov Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Elvin Cəfərov Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə pulemyotçu kimi iştirak edib. Məlumata görə, müharibə zamanı bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandıqda isə ayaq və kürək nahiyəsindən qəlpə yaraları alıb, nitqi müəyyən müddətə tamamilə itib.

Elvin Cəfərovun ailə üzvləri onun psixoloji problemlərinin olması, hadisənin də bundan qaynaqlanması haqda iddialara münasibət bildirib. Anası Ruqiyyə Cəfərova deyir ki, oğlunun psixoloji problemi vardısa belə, bunu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazanmışdı.

“Müharibədən əvvəl psixoloji problemi yox idi ki. Yaralanmağı da, kontuziyası da müharibədə olub. Bu adama niyə psixoloji yardım göstərmirdilər, müalicə eləmirdilər? Niyə heç maraqlanmırdılar? Maştağada da qardaşının hesabına bir müddət yatıb müalicə almışdı”.

Cəfərova danışır ki, 3-cü qrup əlil olan oğlu 420 manat pensiya alırdı. Amma son iki ayda pensiyası kəsilmişdi. İki azyaşlı uşaq atası olan Elvinin ailəni dolandırmaqda çətinlik çəkdiyini deyən anasının sözlərinə görə, oğlu dövlə qurumlarının biganə münasibətindən şikayətlər edib.

Tarix: 10 iyul 2022-ci il

İlkin İsmayılov qazi
İlkin İsmayılov

24. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Qəbələ rayonu Əmirvan kənd sakini, 24 yaşlı İlkin Elçin oğlu İsmayılov yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Tarix: 12 avqust 2022-ci il

Elçin Hüseynzadə qazi
Elçin Hüseynzadə

25. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Xəzər rayon sakini, 32 yaşlı Elçin Xalid oğlu Hüseynzadə yaşadığı evdə çoxsaylı dərman içməklə intihar edib.

Məlumata görə, Elçin Hüseynzadə Şuşanın, Suqovuşanın, Füzulinin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Elçin Hüseynzadənin süründürməçiliyə məruz qaldığı üçün intihar etdiyi bildirilir. Sosial şəbəkələrdə yayılan məlumata görə, intiharına səbəb əlillik təyinatı ala bilməməsi olub. İntihar etməsindən sonra onun cibindən məktub tapıldığı bildirilib.

Tarix: 7 may 2023-cü il

İlkin İsmayılov qazi

26. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Beyləqan rayonu Kəbirli kənd sakini, 31 yaşlı İlkin İsmayıl oğlu İsmayılov yaşadığı evin yardımçı tikilisində özünü asaraq intihar edib.

İlkin İsmayılovun da niyə intihar etdiyi açıq resurslardan qeyd olunmayıb.

Tarix: 4 iyul 2023

Nizaməddin İbadov qazi
Nizaməddin İbadov

27. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Biləsuvar rayonu Səmədabad kənd sakini, 33 yaşlı Nizaməddin Hidayət oğlu İbadov Abşeron rayonu Məhəmmədi qəsəbəsində yaşadığı evin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Onun da həyatını xilas etmək mümkün olmayıb.

Nizaməddin İbadov Suqovuşanın, Hadrutun, Füzulinin, Cəbrayılın və Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.

İbadov müharibədən sonra psixoloji xəstəliyə tutulubmuş. Ölümündən sonra yayılan səs yazısında o bildirir ki, psixoloji dispanserdə işgəncəyə məruz qalıbmış.

Tarix: 21 iyul 2023-cü il

azərbaycan əsgəri
simvolik foto

28. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, 21 yaşlı Ayxan Anar oğlu Şıxəliyev yaşadığı evin həyətində özünü yandıraraq intihar edib (fotosunu tapmaq mümkün olmadı).

İntihara səbəb kredit borcunu ödəyə bilməməsi olub.

Tarix: 15 avqust 2023-cü il

Şərif Rəsulov qazi
Şərif Rəsulov

29. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Şəki rayonu Qaratorpaq kənd sakini, 22 yaşlı Şərif Şahin oğlu Rəsulov şiddətli baş ağrıları səbəbindən intihar edib.

Anası Pərvanə Rəsulovanın prezidentə ünvanladığı müraciətdə deyilir:

“Oğlum Zəngilanın azad edilməsi uğrunda gedən qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində baş nahiyyəsindən travma almış, ayaqlarından ağır yaralanmışdı. Uzun müddət müalicə olunmasına baxmayaraq, sağlamlığını bərpa edə bilməmişdi.

Psixoloji vəziyyətində ciddi problemlər olduğuna görə iki dəfə Maştağada yerləşən psixiatrik xəstəxanada və Şəkidə psixatriya xəstəxanasında uzun müddət müalicələr almışdı.

Başındakı ağrıların şiddətindən onun həyatı gündəlik cəhənnəmə çevrilmişdi. O nə yata bilirdi, nə də ayıq vaxtı evdə sakitləşdirmək mümkün olmurdu. Başındakı ağrıların şiddətindən özünü öldürmək həddinə çatmışdı.

Ailədə onu hər gün nəzarət altında saxlayırdıq. Aldığı müalicələrin heç bir xeyri olmadı. Sağlamlığını tam itirmişdi. Ağrıkəsici dərmanların da təsiri olmurdu.

Kasıb olduğuna görə ona əillik dərəcəsi də təyin etməmişdilər”.

Tarix: 22 avqust 2023-cü il

Ramil Babayev qazi
Ramil Babayev

30. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Ağsu rayonunun Ülgüc kəndi sakini, 31 yaşlı Ramil Kamil oğlu Babayev Ağsu rayon İcra Hakimiyyətində qəbul edilikdən sonra yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

Döyüş yoldaşlarının məlumatına görə, Rabil Babayevdəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, onun sosial problemi həllini tapmayıb. İntihar etməsindən sonra cibindən məktub tapılıb.

Tarix: 1 noyabr 2023-cü il

Kənan Qocayev qazi
Kənan Qocayev

31. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Hacıqabul rayon Birinci Udullu kənd sakini, 36 yaşlı Kənan Davud oğlu Qocayev yaşadığı Şirvan şəhərində intihara cəhd edib.

Xəstəxanaya çatdırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Niyə intihar etdiyi məlum deyil.

Tarix: 3 aprel 2024-cü il

Mircəlal Hacıyev qazi
Mircəlal Hacıyev

32. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Mingəçevir şəhər sakini, 27 yaşlı Mircəlal Hidayət oğlu Hacıyev Mingəçevir şəhəri Koroğlu küçəsi 23 ünvanında özünü asaraq intihar edib.

Niyə intihar etdiyi məlum deyil.

Tarix: 17 aprel 2024-cü il

Vüqar Rüstəmov qazi
Vüqar Rüstəmov

33. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Astara rayon Şüvi kənd sakini Vüqar Baxşəli oğlu Rüstəmov intihar edib.

Səbəbin psixoloji problemlər olduğu deyilir. O, daha əvvəl də intihara cəhd edib.

Tarix: 8 aprel 2024-cü il

Ədalət İsmayılovun (ağ köynəkdə) Daşkəsən İcra Hakimiyyətinin önündə özünü yandırması anı
Ədalət İsmayılovun (ağ köynəkdə) Daşkəsən İcra Hakimiyyətinin önündə özünü yandırması anı

34. İkinci Qarabağ müharibəsinin Daşkəsən rayon sakini, 28 yaşlı Ədalət Fərman oğlu İsmayılov Daşkəsən İcra Hakimiyyətinin önündə özünü yandıraraq, intihara cəhd edib.

Ədalət İsmayılov Bakıda müalicə aldığı xəstəxanada gecə saatlarında vəfat edib.

Onun yol polisinə etiraz olaraq bu addımı atdığı deyilir.

Tarix: 6 iyun 2024-cü il

Elvin Alıyev qazi
Elvin Alıyev

35. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Ağstafa şəhər sakini, 32 yaşlı Elvin Alıyev yaşadığı şəhərdə özünü yandıraraq intihara cəhd edib.

Ağır yanıq xəsərtləri ilə Bakıda yerləşən Yanıq Mərkəzinə yerləşdirilən Elvin Alıyevin bədəninin 70 faizinin yandığı məlum olub. Alıyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Tarix: 18 iyun 2024-cü il

Təbriz Əliyev qazi
Təbriz Əliyev

36. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Goranboy rayonu Səfikürd kənd sakini, Təbriz Şəmsi oğlu Əliyev yaşadığı kənddə özünü asaraq intihar edib.

Məlumata görə, intihar edən qazinin külli miqdar kredit borcu olub.

Tarix: 1 dekabr 2024-cü il

Ayxan Bayramov qazi
Ayxan Bayramov

37. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Füzuli rayonu İkinci Mahmudlu kənd sakini, 33 yaşlı Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Qazinin hansı səbəbdən intihar etdiyi qeyd olunmayıb.

Tarix: 6 aprel 2025-ci il

Bəhruz Kərimov qazi
Bəhruz Kərimov

38. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Ağdaş rayonu Ləki kənd sakini Bəhruz Kərimovun intihar etdiyi deyilir.

Bəhruz Kərimov Suqovuşanın azad olunmasında iştirak edib, bir neçə medalla təltif edilib.

Qazinin səhhətində problemlər olduğu deyilir, ancaq hansı səbəblə intihar etdiyi məlum deyil.

Tarix: 27 avqust 2025-ci il

Vüsal Əliyev qazi
Vüsal Əliyev

39. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd sakini, 27 yaşlı çavuş Vüsal Məhərrəm oğlu Əliyev özünü asaraq intihar edib.

Məlumata görə, Vüsal Əliyev “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə“, “Xocavəndin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunur.

Atası mediaya açıqlamasında bildirib ki, müharibədən sonra Vüsal Əliyevin səhhətində problemlər yaranıb:

“Öz gücümə aparıb bir neçə dəfə müalicə etdirdim. Sonralar tez-tez təlimdə olduğu üçün müalicəni davam etdirə bilmədi.

Hadisədən hardasa 10 gün qabaq yenə başında ağrılarının olduğunu dedi. Tez-tez yuxudan dik atılırdı. Getdi hərbi hospitalda yoxlandı. Həkimlər dərman-filan yazmışdılar ki, 10 gün sonra gələrsən, yenidən baxarıq. O da heç qismət olmadı.

Son vaxtlar əsəbi idi, yatmırdı. Deyirdi, boğuluram. Yuxuda tez-tez döyüş yoldaşlarını gördüyünü deyirdi”.

Tarix: 7 oktyabr 2025-ci il

Qazi Natiq Şamilov intihar edib
Natiq Şamilov

40. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sumqayıt şəhər sakini, Müddətdən artıq hərbi xidmət qulluqçusu, hərbi hissə sürücüsü 29 yaşlı Natiq Şamilov Sumqayıt şəhərinin bulvar ərazisində tikintisi davam edən binadan özünü asaraq intihar edib.

Onun külli miqdarda borcu olması səbəbilə intihar etdiyi deyilir.

Tarix: 7 fevral 2026-cı il

Yekunda

Müharibə başa çatsa da, yaratdığı psixoloji travmalar, sosial-iqtisadi çətinliklər və institusional boşluqlar hələ də yüzlərlə insanın həyatına təsir edir.

Rəsmi statistikanın olmaması problemin miqyasını anlamağı çətinləşdirir. Bu, uzunmüddətli və kompleks yanaşma tələb edən sosial problemdir.

Ekspertlərin fikrincə, əsas həll yolları psixoloji yardım sisteminin gücləndirilməsi, posttravmatik stress pozuntusunun (PTSD) erkən diaqnostikası və müalicəsi, qazilərin sosial müdafiəsinin real şəkildə təmin olunması, əlillik statusu ilə bağlı prosedurların sadələşdirilməsi və peşə reabilitasiyası proqramlarının genişləndirilməsidir.

Qazilərin problemləri yalnız fərdi məsuliyyət deyil, dövlət institutlarının, ictimai qurumların və bütövlükdə cəmiyyətin diqqətini və həssaslığını tələb edən problemdir.

Qazi intiharları

Leave A Reply