Qəzza
Qəzza zolağında noyabrın 7-də başlayan güclü yağış minlərlə çadırı su altında qoyub. Qəzzanın Mülki Müdafiə xidməti yağış başlayandan sonrakı 10 saatda təxminən 1 500 yardım çağırışı aldığını, bəzi sığınacaqlarda suyun səviyyəsinin 30-40 santimetr qalxdığını bildirib. Xidmətin sözçüsü Mahmud Basal “Al Jazeera”ya deyib ki, bir neçə sığınacaq tamamilə su altında qalıb, içəridəkilər çölə çıxmağa məcbur olub, vaxtından əvvəl doğulan körpələr, yaşlılar və xəstələr ən böyük risk altındadır.
Fırtına müharibədə zədələnmiş binaları da uçurub: Nuseyratda qismən çökən binanın sakinləri təxliyə edilib, Qəzzanın şimalında divarı çökən binada iki nəfər yaralanıb. Cənubdakı əl-Məvasi sahil ərazisində 900 mindən çox köçkün yaşayır, “Al Jazeera”nın müxbirinin sözlərinə görə, sahil boyunca yaşayan 125 mindən çox ailənin çadırlarını dəniz apara bilər. Qəzzanın fövqəladə hallar komitəsinə görə, bir milyondan çox köçkün qışla üz-üzədir, zolağa təcili olaraq təxminən 200 min çadır və isitmə vasitələri lazımdır.
Qəzza qubernatorluğunun mülki müdafiə rəhbəri Raid əd-Dəhşan deyib ki, xidmətin “nə bir brezenti, nə də bir çadırı var”. Fələstin QHT-lər Şəbəkəsinin direktoru Məhəmməd Salha isə bildirib ki, “atəşkəs” üzrə humanitar protokolda razılaşdırılan gündə 600 yük maşını əvəzinə Qəzzaya 180-200 maşın girir, onların cəmi 40-a yaxını humanitar yardım daşıyır. Onun sözlərinə görə, Misir tərəfində 50 min çadır gözləyir. Yardım təşkilatları bunu İsrailin sığınacaq materiallarının girişinə qoyduğu məhdudiyyətlərlə əlaqələndirir.


