ABŞ-İran

ABŞ prezidenti Donald Tramp noyabrın 6-da ABŞ ordusunun İranda yeni “kiçik” zərbələr endirdiyini deyib. “The Guardian”ın yazdığına görə, hədəf hava hücumundan müdafiə sistemi olub. Tramp jurnalistlərə deyib: “Onlar kiçik bir zenit qurğusu düzəltmişdilər, biz onu təxminən 15 dəqiqəyə, bəlkə də beş dəqiqəyə məhv etdik”. İran dövlət mediası Hörmüz boğazındakı Qeşm adasının Suza ərazisində iki partlayış səsi eşidildiyini yazıb. Tramp bunun “müharibə olmadığını” da deyib.

Bu, noyabrın 3-dəki aralıq seçkilərdən sonra İrana endirilən ilk zərbələrdir. ABŞ ordusu bazar ertəsi də Qeşm və Hengam adalarına, Bəndər-Abbas ərazisinə “müdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı. Seçkidə Trampın Respublikaçılar Partiyası ağır məğlubiyyətə uğrayıb, “The Guardian” bunun səbəbləri arasında seçicilərin İran müharibəsindən və yanacağın bahalaşmasından narazılığını göstərir.

NBC News mənbələrə istinadla yazır ki, administrasiyada zərbələrin bərpa olunub-olunmaması barədə mübahisə gedir, yekun qərar hələlik yoxdur. Telekanalın məlumatına görə, müdafiə naziri Pit Heqset zərbələrin bərpasını müdafiə edir, vitse-prezident Cey Di Vens isə diplomatik həll axtarmağın tərəfdarıdır. NBC-nin iki amerikalı rəsmiyə istinadla yazdığına görə, bəzi müşavirlər Trampa yeni hücum kampaniyasını yanvardan əvvəl, respublikaçıların çoxluğu olmayacaq yeni Konqres işə başlamazdan əvvəl keçirməyi məsləhət görür. Mümkün hədəflər arasında nüvə obyektləri və neft-qaz infrastrukturu çəkilir.

Tramp isə vasitəçilərin İranla danışıqlarının davam etdiyini deyib. Heqset noyabrın 6-da qətərli həmkarı Şeyx Saud bin Əbdürrəhman Al Sani ilə telefonla danışıb, Qətər əmiri də Trampla danışıb. İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkraminiya isə “Fars” agentliyinə deyib ki, İran ABŞ-nin bölgədəki bazalarını bərpa etməsinə “heç vaxt imkan verməyəcək”. Onun iddiasına görə, ABŞ bazalarında 228-dən çox obyekt ciddi zədələnib və ya dağıdılıb, ona görə də amerikalılar gəmiləri üçün yanacağı və əsgərləri üçün ərzağı başqa bölgələrdən gətirməli olur.

“Al Jazeera”nın yazdığına görə, İran ordusu noyabrın 7-də yeni sistemlə ABŞ-yə məxsus MQ-9 pilotsuz təyyarəsini vurduğunu iddia edib. Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, noyabrın 6-da başa çatan həftədə Hörmüz boğazında və ətrafında ən azı 11 gəmi hücuma məruz qalıb, onlardan üçü batıb. Boğazdan keçən gəmilərin sayı müharibədən əvvəlki səviyyədən təxminən 65% azdır. İran ordusu noyabrın 7-də “icazəsiz” marşrutla hərəkət edən, izləmə sistemini söndürmüş bir tankerin boğazın şərqində minaya düşərək yandığını bildirib, Vaşinqton isə minaların təmizləndiyini deyir.

Keşikçilər Korpusunun sözçüsü Hüseyn Möhibbi isə İranın ballistik raketlərin uçuş məsafəsini təxminən 2 min kilometrlə məhdudlaşdırmaq öhdəliyinin artıq qüvvədə olmadığını deyib: “Bu məhdudiyyət bizim üçün götürülüb”. İllərdir bu məhdudiyyət Avropa ölkələrini arxayın salmaq üçün tətbiq olunurdu.

Leave A Reply