AMEA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial mediada yayılan, akademiyanın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin “vəzifə verəcəyi adamlar” arasında çəkildiyi barədə məlumata cavab verib. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin noyabrın 7-də yaydığı açıqlamada bu, akademiyanın rəhbərliyinə qarşı “növbəti təxribat” və Həbibbəyliyə qarşı “yeni bir qarayaxma oyunu” adlandırılıb.

Açıqlamada bildirilir ki, Mehdiyev AMEA-ya rəhbərlik etdiyi dövrdə Həbibbəylinin vəzifədən azad edilməsi və səlahiyyətlərinin azaldılması üçün bir sıra rəsmi qərarlar qəbul olunub. Mehdiyevin imzaladığı 2021-ci il 8 yanvar tarixli qərarla Həbibbəyli birinci vitse-prezident vəzifəsindən azad edilərək vitse-prezident vəzifəsini icra edən təyin olunub. 2022-ci il yanvarın 26-da Mehdiyevin sədrlik etdiyi Rəyasət Heyəti Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsini ikiyə bölüb, İctimai Elmlər Bölməsi ondan alınıb. Akademiyanın yazdığına görə, bir neçə gün sonra, 2022-ci il fevralın 7-də Həbibbəyli vitse-prezident vəzifəsindən azad olunmaq üçün ərizə verib.

1995-2019-cu illərdə Prezident Administrasiyasına, sonra AMEA-ya rəhbərlik etmiş Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunub. Oktyabrın sonunda AMEA-nın Ümumi yığıncağı onu akademiyanın həqiqi üzvlüyündən çıxarıb. Həmin iclasda Həbibbəyli Bakı Ağır Cinayətlər Məhkəməsinin Mehdiyevi 14 il azadlıqdan məhrum etdiyini demişdi, Azadlıq Radiosu isə məhkəmənin ona yaşı və səhhəti nəzərə alınaraq 14 il şərti cəza verdiyini yazıb. Bundan sonra Mehdiyevin adına çap olunmuş əsərlərin müəllifliyinin yoxlanılacağı və kitablarının kitabxanalardan yığışdırılacağı bildirilib.

Leave A Reply