Media azadlığı

Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (IPI) media azadlığı təşkilatı noyabrın 5-də Azərbaycan, Gürcüstan və Somalidə müstəqil media qurumlarının sosial şəbəkə hesablarının saxta müəllif hüququ şikayətləri ilə bağlatdırılması barədə araşdırma dərc edib. Araşdırmada “HamamTimes” bu cür hücumlara məruz qalan beş Azərbaycan media qurumundan biri kimi göstərilib. Digərləri “Abzas Media”, “Meydan TV”, “Toplum TV” və “Azadlıq” qəzetidir.

“HamamTimes”ın “Instagram” səhifəsi müxtəlif vaxtlarda iki dəfə bloklanıb.

“Abzas Media”nın baş redaktoru Günel Səfərova IPI-a bildirib ki, bu media qurumlarına göndərilən şikayətlərin çoxunda eyni adlar və elektron poçt ünvanları, ya da onlara oxşar məlumatlar işlədilib. “Biz bu hücumları koordinasiyalı adlandırırıq. Çünki mühacirətdə fəaliyyət göstərən əsas media qurumlarından eyni şəxslər, eyni elektron poçt ünvanları vasitəsilə şikayət edirlər”, - Səfərova deyib.

Araşdırmada avqustda “Abzas Media”nın “Instagram” hesabının bağlanmasına geniş yer ayrılıb. Avqustun 22-25-də dörd şikayət göndərilib, onlardan üçü eyni ünvandan gəlib. Hesab üç gün bağlı qalıb və yalnız rəqəmsal hüquqlar təşkilatı “Access Now”un “Meta”ya birbaşa müraciətindən sonra bərpa olunub. Səfərovanın sözlərinə görə, “Toplum TV” hesablarının bərpasını 14 gün gözləyib, “Azadlıq” qəzetinin Facebook səhifəsi isə aylarla bağlı qalıb.

Silva Virtanenin hazırladığı araşdırmada deyilir ki, belə şikayətlər müstəqil jurnalistikanı susdurmaq üçün ucuz və sürətli senzura vasitəsinə çevrilib: platformalar şikayətin əsaslı olub-olmadığını yoxlamadan materialı silir və ya hesabı bağlayır, bərpa isə həftələrlə, bəzən aylarla çəkir.

Gürcüstanda “Studio Monitor”un jurnalisti Marika Duduniya başqa adla şikayətçilərdən biri ilə yazışıb: həmin şəxs şikayəti sifarişlə göndərdiyini etiraf edib və onu geri götürmək üçün 380 dollar istəyib. Somalidə isə hökumətlə işlədiyini iddia edən bir şəxsin rəhbəri istənilən jurnalistin Facebook səhifəsini 5 min dollara bağlatdırmağı təklif edib.

IPI-a danışan media rəhbərləri platformalardan bu cür şikayətləri ayrı-ayrı müraciət kimi yox, mümkün koordinasiyalı hücum kimi araşdırmağı tələb edir.

Leave A Reply