Cəbrayıl
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Prezidentin rəsmi saytına görə, 108,5 hektarlıq ərazidə 420 fərdi ev, 140 yerlik uşaq bağçası, həkim məntəqəsi, inzibati və çoxfunksiyalı binalar tikilib.
Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti sədrinin keçmiş müavini Elçin Əliyev isə sosial şəbəkədə kəndin baş planını sərt tənqid edib. Onun fikrincə, evlərin monoton düzülüşü, düzbucaqlı küçə şəbəkəsi, memarlıq müxtəlifliyinin və ictimai məkanların olmaması layihəni müasir şəhərsalma tələblərindən uzaqlaşdırır. “Xalqımıza müasir, rahat və hərtərəfli yaşayış mühiti əvəzinə, planlaşdırma quruluşu konsentrasiya düşərgəsini xatırladan kazarma tipli məskunlaşma prinsipi təklif olunur”, - memar yazıb. O, layihəyə xarici şirkətin cəlb olunmasını sual altına alıb, layihənin dəyərinin və onu təsdiqləyənlərin adlarının açıqlanmasını istəyib: “Belə primitiv layihəyə mən bir manat da verməzdim!”
“Meydan TV”nin araşdırdığı dövlət satınalmaları portalına görə, Soltanlıda tikinti və abadlıq işləri üçün 114 milyon 499 min manatlıq müqavilə bağlanıb. Sifarişçi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir. Müqavilə 2025-ci il sentyabrın 19-da açıq tenderlə yox, bir mənbədən satınalma yolu ilə iki şirkətə verilib: 2024-cü ilin mayında qeydiyyata alınan, Macarıstanın “KESZ” tikinti qrupu ilə əlaqəli “KESZ Group Azerbaijan” və 2011-ci ildən fəaliyyət göstərən “19 Saylı Tikinti Təmir İdarəsi”. Məbləğin layihələndirmə, evlər və kommunikasiyalar arasında necə bölüşdürüldüyü portalda göstərilmir. Bundan başqa, Nazirlər Kabinetinin hesabatına görə, Macarıstan kəndin bərpasına 30 milyon dollar qrant ayırır.
Nəşr xatırladır ki, Hesablama Palatası 2024-cü ildə həmin sifarişçi qurumun Cəbrayılın Horovlu kəndindəki layihələrində smetaya artıq iş həcmləri daxil edildiyini və müqavilə dəyərinin təxminən 996 min manat artırıldığını müəyyən edib. “Abzas Media”nın iyun araşdırmasına görə, Horovlu müqavilələrinin bir hissəsi də “19 Saylı Tikinti Təmir İdarəsi” ilə bağlanıb. 2023-cü ildə açıqlanan baş plana görə, birinci mərhələdə 78 hektarda 315 ev tikilməli idi, açılan hissədə isə 108,5 hektarda 420 ev var, bu dəyişikliyin səbəbi izah edilməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, sifarişçi qurum və podratçı şirkətlər memarın tənqidinə hələlik münasibət bildirməyib.


