TRIPP
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki planlaşdırma qruplarını işə salıb. Bu barədə üç hökumətin noyabrın 6-da yaydığı birgə bəyanatda deyilir. Qrupların işinə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov start verib.
İlk mərhələdə iki qrup yaradılması razılaşdırılıb: biri nəqliyyat, digəri elektrik enerjisinin ötürülməsi üzrə. Bəyanata görə, qruplar mürəkkəb texniki məsələləri həll etməli, layihənin növbəti mərhələlərinə keçidi və marşrutun regionun digər infrastruktur şəbəkələri ilə birləşdirilməsini təmin etməlidir.
Sənəddə deyilir ki, Ermənistanda mühəndis-tədqiqat işləri artıq gedir, Azərbaycan isə öz ərazisində Ermənistandakı TRIPP-ə birləşəcək avtomobil və dəmir yolunun tikintisini “demək olar ki, başa çatdırıb”. Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan Ermənistana qarşı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və Ermənistana 20 min ton neft məhsulu göndərib. ABŞ isə Orta Dəhlizə özəl investisiya cəlb etmək üçün yaradılan Transxəzər Müəssisə Fonduna 201 milyon dollar ayırıb. Bu məbləği Dövlət katibi Marko Rubio avqustun 8-də açıqlamışdı.
TRIPP Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistanın cənubundan keçən marşrutla birləşdirməlidir. Razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda Tramp, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə əldə olunub, həmin gün iki ölkə arasında sülh sazişi paraflanıb. Ermənistanla ABŞ-nin iyunda imzaladığı sazişə əsasən, marşrutun Ermənistan hissəsini ən azı 49 il idarə edəcək “TRIPP Development Company”nin 74%-i ABŞ hökumətinə məxsus olacaq.
Azadlıq Radiosunun yazdığına görə, yekun sülh sazişinin imzalanmasına əsas maneə Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Aktına edilən istinaddır, Azərbaycan bunu özünə qarşı ərazi iddiası sayır. Ermənistan hökuməti yeni konstitusiyanı bu ilin sonunadək təqdim edəcəyini deyir.


