Almaniyanın gizli müharibə planı

Almaniyanın gizli müharibə planı (OPLAN DEU) üzə çıxıb. 1,200 səhifəlik bu sənəd, Rusiya NATO-ya hücum edərsə, Almaniya ərazisindən 800 minə qədər NATO əsgərinin tez bir zamanda şərq cəbhəsinə göndərilməsini nəzərdə tutur.

OPLAN DEU nədir?

Almaniya Ordusunun hazırladığı OPLAN DEU (“Operation Plan Germany”) genişmiqyaslı gizli müdafiə planıdır. Təxminən iki il yarım əvvəl Berlində bir hərbi bazada yüksək rütbəli zabitlər bu plan üzərində işləməyə başlayıblar.

Planın məqsədi Almaniyanı NATO-nun potensial Rusiya hücumuna qarşı mərkəzi logistik qovşağına çevirməkdir.

Yəni, müharibə vəziyyətində Almaniya ön cəbhədə birbaşa döyüşən ölkədən çox, alyansın şərq cinahına qoşun və texnikanın sürətlə ötürülməsini təmin edən dayaq nöqtəsi rolunu oynayacaq.

Bu plan “ümum-cəmiyyət” yanaşması ilə fərqlənir, yəni müdafiə təkcə orduya həvalə edilmir. Mülki qurumlar, özəl şirkətlər və yerli hakimiyyət orqanları da vahid bir hərbi-strateji struktura inteqrasiya edilir. Beləliklə, plan bütöv cəmiyyəti əhatə edən müdafiə hazırlığına keçidi göstərir ki, bu da Soyuq Müharibə dövrünün “bütün ölkə müdafiədədir” prinsipinə bənzəyir. Müasir OPLAN DEU konsepsiyası həmin yanaşmanı yenidən canlandırır, ancaq bugünün reallıqlarına, yəni köhnəlmiş infrastruktur, hüquqi məhdudiyyətlər və orduların əvvəlki onilliklərlə müqayisədə daha kiçik olması kimi məhdudiyyətlərə uyğunlaşdıraraq tətbiq edir.



Almaniya niyə bu planı hazırlayıb?

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü Avropada təhlükəsizlik mənzərəsini kəskin şəkildə dəyişib. Almaniya onillər boyu davam edən sülh dövründən sonra müdafiə siyasətində “dəyişiklik epoxası” (almanca Zeitenwende) elan edərək ordusunu gücləndirməyə başlayıb. Hökumət anlayıb ki, NATO ərazisində müharibə ehtimalı realdır və buna hazır olmaq lazımdır.

Almaniya kəşfiyyatı və hərbi rəhbərlik 2029-cu ildən etibarən Rusiyanın NATO ölkəsinə hücum etməyə qadir və niyyətli ola biləcəyini bildiriblər.

Boris Pistorius (Almaniya müdafiə naziri) isə xəbərdar edib ki, Rusiya öz ordusunu gözləniləndən daha tez bərpa edə bilər. Bəzi ekspertlər hətta 2028-ci ildə riskin yarana biləcəyini deyir, bəziləri isə 2025-ci ilin yayını “son sülh yayı” adlandırıblar.

Almaniya bu planı hazırlamaqla mümkün hücum senarilərinə indidən cavab vermək və Rusiyanı hücumdan çəkindirmək istəyir. Analitiklər qeyd edirlər ki, Ukraynada hər hansı atəşkəs olsa belə, bu, Rusiyaya qüvvələrini bərpa edib gələcəkdə NATO-ya qarşı addımlar planlaşdırmağa vaxt verə bilər. Buna görə OPLAN DEU qabaqlayıcı tədbir kimi düşünülüb.

Planın müəllifləri inanırlar ki, Avropanın müdafiə dayanıqlığını artırmaqla həm potensial müharibədə qələbəni təmin etmiş, həm də müharibənin baş verməsi ehtimalını azaltmış olacaqlar. Alman yüksək rütbəli zabitlərdən biri bunu belə ifadə edir: “Məqsəd müharibənin qarşısını almaqdır. Düşmənlərimizə göstərməliyik ki, hücum etsələr buna nail ola bilməyəcəklər”.

Plan nədən ibarətdir?

Logistika xəritəsi

OPLAN DEU konkret olaraq NATO müttəfiqlərinin böyük qüvvələrinin Almaniyadan keçərək Şərqi Avropaya necə daşınacağını planlaşdırır. Sənəddə limanlar, çaylar, dəmir yollarıavtomobil magistralları boyunca qüvvələrin hərəkət marşrutları dəqiq göstərilib. Həmçinin yolda olan qoşunların necə təchiz ediləcəyi və mühafizə olunacağı barədə detallı təlimatlar var.

Coğrafi mövqeyinə görə Almaniya istənilən Rusiya-NATO münaqişəsində əsas tranzit dəhlizi olacaq.

Aralıq dənizi tərəfdən Alp dağları maneədir deyə, NATO qüvvələri harada döyüş başlamasından asılı olmayaraq Almaniya ərazisindən keçməyə məcburdur.

Bu planla Almaniya həmin tranzit rolunu ildırım sürəti ilə yerinə yetirməyi təmin etməyi hədəfləyir.

Qoşun sayı və müddət

Plana görə, təxminən 180 gün (6 ay) ərzində 800 minədək NATO hərbçisini, təkcə Almaniya deyil, ABŞ və digər müttəfiq ölkələrin qüvvələri də daxil Almaniyadan keçərək Şərqi Avropadakı cəbhə xəttinə çatdırmaq mümkün olmalıdır. Bu, Soyuq Müharibədən bəri ən böyük qoşun daşınması ola bilər.

Belə miqyasda qüvvə cəmləşdirməklə Berlin Moskvanı xəbərdar etmək istəyir ki, NATO torpaqlarına edilən hər hansı hücum cəhdinin qarşısında böyük bir ordu dayanacaq və beləliklə həmin hücum uğursuzluğa məhkumdur. Yəni planın əsas funksiyalarından biri elə caydırıcılıq siqnalı verməkdir.

Mülki sektorun iştirakı

Plan “total müdafiə” prinsipinə əsaslanır. Təkcə Bundesver (Almaniya ordusu) deyil, mülki müəssisələr və dövlətin digər qurumları da bu logistik səfərbərliyə cəlb olunur. Məsələn, Almaniyanın iri müdafiə sənayesi şirkəti “Rheinmetall” artıq təcrübə üçün bir düşərgə qurub. Orada 500 əsgər üçün 14 gün ərzində yaşayış yerləri, duş, yanacaqdoldurma məntəqələri, səyyar mətbəx və hətta dron hücumundan müdafiə sistemi olan müvəqqəti şəhərcik inşa edilib, sonra isə bir həftəyə sökülüb.

Özəl şirkətlərin bu cür sahə infrastrukturu, təminat və hətta təhlükəsizlik sahələrində orduya yardımçı rol oynayacaqları düşünülür. Planın həyata keçməsi üçün yerli icra hakimiyyətləri, nəqliyyat firmaları, dəmiryolu şirkətləri və hətta ərzaq təchizatçıları kimi çoxsaylı mülki tərəfdaşların koordinasiyası nəzərdə tutulur.

Əsas təhdidlər və əks tədbirlər

OPLAN DEU təkcə qoşunların daşınmasını deyil, bu prosesə mane ola biləcək təhlükələri və onlara qarşı tədbirləri də nəzərə alır. Sənəddə sabotaj aktları, kiberhücumlar və dezinformasiya kampaniyaları kimi hibrid təhdidlər başlıca risklərdən sayılır. Xüsusilə, kritik infrastruktur olan dəmiryolları, yollar, körpülər və rabitə şəbəkələrinin düşmən tərəfindən gizli diversiya qrupları və ya casuslar vasitəsilə zədələnə biləcəyindən ehtiyat edilir. Buna görə plan bu cür təxribatların qarşısını almaq üçün dronlarla nəzarət kimi müasir texnologiyaların tətbiqini nəzərdə tutur.

Məşqlər göstərir ki, adi vətəndaş etirazları belə böyük hərbi karvanların hərəkətini ləngidə bilər.

Məsələn, sentyabrda Hamburqda keçirilən “Red Storm Bravo” adlı təlim zamanı “aksiyaçı” rolundakı ehtiyat əsgərlər yola yapışqanla özlərini yapışdıraraq konvoyu iki saat dayandıra biliblər.

Planlaşdırılır ki, bu kimi hallar real vəziyyətdə də baş verə bilər deyə, plan çərçivəsində Almaniya hüquq bazasını gözdən keçirməli, polisi və ordunu koordinə etməlidir ki, müharibə şəraitində belə maneələr dərhal aradan qaldırılsın.

Köhnəlmiş infrastruktur

Bildirilir ki, Almaniya illərlə sülh dövrünün verdiyi arxayınlıqla öz nəqliyyat infrastrukturuna lazımi sərmayələri qoymayıb. Bu isə böyük ordu daşınmaları üçün ciddi maneədir. Rəsmi məlumata görə, ölkə avtomagistrallarının 20%-ikörpülərinin dörtdə biri təcili təmirə möhtacdır. İllər öncə Almaniyada bəzi şosse yolları təyyarələrin enməsi üçün nəzərdə tutulmuş, park yerlərinin altında reaktiv yanacaq çənləri basdırılmış, körpü məhəccərləri hərbi kolonlar keçə bilsin deyə asanlıqla sökülə bilən idi.

Lakin uzun müddət müharibə gözlənilmədiyindən, son onilliklərdə salınan tunellərkörpülər çox zaman ağır hərbi texnikanı daşımağa yararsız (dar və ya dayanıqsız), bir sıra liman və yollar isə baxımsız vəziyyətdə qalıb. Berlində hesab edirlər ki, təkcə Şimal dənizi və Baltik dənizi limanlarının modernizasiyasına 15 milyard avro yatırmaq lazımdır. Bunun 3 milyardı hərbi məqsədli təkmilləşdirmələr üçündür.

Almaniya dəmir yollarının NATO qüvvələrinin şərqə daşınmasında həyati rol oynayacağı düşünülür, lakin infrastrukturun yenilənməsinə ehtiyac var. Plan çərçivəsində Almaniya hökuməti 2029-cu ilədək 166 milyard avro vəsaitin birbaşa müdafiə təyinatlı infrastruktur layihələrinə yatırılmasını nəzərdə tutur. Xüsusilə dəmir yolları prioritet sahədir. Bu məbləğin 100 milyarddan çoxu uzun müddət diqqətdən kənarda qalmış dəmir yolu xətlərinin və həm mülki, həm də hərbi məqsədlərə xidmət edəcək ikili təyinatlı infrastrukturların yenidən qurulmasına yönələcək.

Məsələn, Belçika və Almaniya arasındakı tarixi “Dəmir Reyn” dəmir yolu xəttinin bərpası, bəzi avtomagistral hissələrinin təyyarə eniş zolaqları kimi ehtiyat aerodromlara çevrilməsi, ağır tankları daşıyacaq körpülərin gücləndirilməsi kimi layihələr planlanır. Bu irimiqyaslı yenidənqurma olmadan, ordunun sürətlə şərqə hərəkəti kağız üzərində qalar bilər. Almaniyalı mühəndislər və logistika mütəxəssisləri xəritə üzərində qoşunların keçid marşrutlarını tərtib edərkən, harada yol tıxacları yarana biləcəyini, hansı körpünün tankların ağırlığına dözməyəcəyini təhlil ediblər.

Bu “dar boğaz” nöqtələri planın ən məxfi hissələrindəndir.

Növbəti nə gözlənilir?

Almaniya OPLAN DEU-nu sadəcə kağız üzərində qoymayıb. Plan mərhələli şəkildə həyata keçirilməyə başlanıb və daim yenilənir. Stress-test adlanan sınaqlar vasitəsilə planın zəif cəhətləri aşkarlanır və üzərində düzəlişlər edilir. Məsələn, sentyabr ayında keçirilən təlimlər nəticəsində ortaya çıxan çatışmazlıqlar (məsələn, konvoyların həddən artıq ləngiməsi, hüquqi boşluqlar) əsasında Almaniya hökuməti müvafiq qanunları sadələşdirməyə və ordu-polis əməkdaşlığını gücləndirməyə çalışır.

Almaniyanın müdafiə nazirinin müavini Nils Şmid deyir ki, “bir zamanlar bildiklərimizi yenidən öyrənməliyik”.

Bildirilir ki, o, unudulmuş səfərbərlik təcrübəsini canlandırmaq üçün hətta təqaüddəki mütəxəssisləri belə işə cəlb etmək lazım gəldiyini nəzərdə tutub. Hakimiyyət orqanları təchizat qanunlarını sürətləndirməyi, ordu ehtiyatlarını artırmağı planlaşdırır. Yeni siyasi konsensus formalaşır ki, “təhlükə realdır; biz müharibə vəziyyətində deyilik, amma artıq tam sülh dövründə də yaşamırıq”.

Növbəti illərdə, xüsusən 2028-2029 aralığında, Almaniya və NATO bu hazırlıqları pik həddə çatdırmağa çalışacaq. Əgər Rusiya tərəfi doğrudan da bu illərdə hücum planlaşdırırdısa, Qərbin bu ölçüdə təhükəsizlik planları ilə qarşılaşması onu fikrindən daşındıra bilər.

Beləliklə, Almaniyanın gizli müharibə planının açıqlanması əslində preventiv bir strategiyanın tərkib hissəsi kimi təqdim edilir. Açıq mesaj verilir ki, “biz hazırıq”. İrəlidə NATO müttəfiqləri arasında daha sıx koordinasiya, birgə təlimlərin və regionda hərbi mövcudluğun artırılması gözlənilir. Digər Avropa dövlətlərinin də öz milli müdafiə planlarını yeniləməsi gündəmdədir.

Cənubi Qafqaz da daxil olmaqla, dünyanın gözü Avropadadır. Ümid edilir ki, bu hazırlıq sayəsində Rusiya-Qərb qarşıdurması soyuq müharibə səviyyəsində qalacaq və isti müharibəyə çevrilməyəcək. Lakin hər iki halda, Almaniyanın OPLAN DEU planı göstərir ki, Avropa artıq ən pis ssenariyə belə hazırlaşır və bu hazırlığın özü sülhü qorumağın yeni açarı kimi görülür.

Almaniyanın gizli müharibə planı

Almaniyanın gizli müharibə planı

Leave A Reply