Meksika Qran-prisi

Formula 1 Meksika Qran-prisinin ikinci sərbəst yürüşündə toqquşan Maks Ferstappen və Liam Louson start düzülüşündə bir yerlik cərimə ilə cəzalandırılıblar.

Sky Sports xəbər verir ki, stüardlar hər iki pilotun hərəkətini “qəbuledilməz” adlandırıb. İnsident Ferstappenin 12-ci döngədə içəridən ötmə cəhdi etməsi, “Racing Bulls” pilotu Lousonun isə mövqeyini qorumağa çalışması ilə başlayıb. Nəticədə 14-cü döngədə təmas baş verib, Ferstappenin bolidindən qopan hissə səbəbindən qırmızı bayraqlar qaldırılıb.

Stüardların açıqlamasında hər iki sürücünün bu manevrləri “lazımsız və yöndəmsiz” adlandırdığı qeyd olunub. Hakimlər cümə günü komanda rəhbərlərinin toplantısında son sektorda ötmə ilə bağlı xəbərdarlıq edildiyini və cari ildə sərbəst yürüşlərdə oxşar halların təkrarlandığını əsas gətirərək, rəsmi xəbərdarlıq əvəzinə start mövqeyi cəzası vermək qərarına gəliblər.

Sky Sports qeyd edir ki, hər iki komandanın sahibinin eyni olması hadisəni daha da diqqətçəkən edib, çünki “Racing Bulls” komandası “Red Bull”un gənclər komandası sayılır. Komanda 2027-ci il üçün sürücü heyətini hələ təsdiqləməyib və turnir cədvəlində komanda yoldaşı Arvid Lindbladdan 39 xal irəlidə olmasına baxmayaraq, Lousonun gələcəyi qeyri-müəyyəndir.

Qərardan əvvəl insident barədə danışan Ferstappen həmkarının addımını tənqid edib: “Bunun bəxtsizlik olduğunu düşünmürəm. Bəlkə də onun orada etməyə çalışdığı çox ağıllı hərəkət deyildi. Əgər onun yerində olsaydım, bir az daha ağıllı davranardım. Həm də öz yerin uğrunda mübarizə apardığın zaman bu, çox ağıllı davranış deyil”. O, digər müsahibəsində Lousonun onunla mübarizəyə girişməsini məntiqli addım hesab etmədiyini əlavə edib.

Məşqdən sonra media qarşısına çıxmaq öhdəliyi olmayan Louson isə insidentin dərhal ardınca komanda radiosunda Ferstappenin birbaşa onun üzərinə sürdüyünü bildirib: “Hər dəfə geri çəkilsəm, onda mən nə edim? O, trassdan çıxıb mənim böyürümə çırpıldı”.

“Racing Bulls” komandasının rəhbəri Alan Permeyn toqquşmaya görə hər iki sürücünün məsuliyyət daşıdığını və hadisənin “tamamilə lazımsız” olduğunu söyləyib.

Hadisəni şərh edən Sky Sports eksperti Ceymi Çadvik bildirib ki, Lousonun komandada qalması ilə bağlı qərar verən əsas komandaya qarşı belə sərt davranması ən düzgün seçim deyil. Keçmiş strateq Berni Kollinz isə hər iki pilotun bu addımlarına görə peşman olacaqlarını vurğulayıb.

Telekanalın digər eksperti Karun Çandhok isə Lousonun bu mövsüm uğurlu çıxış etdiyini xatırladaraq, onun yerini itirməsinin ədalətsiz olacağını qeyd edib.

Leave A Reply