Azərbaycan, hadisə

Baş Prokurorluq Baş Kəldək kəndindəki “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində sentyabrın 8-də baş verən hadisənin səbəblərini açıqlayıb. Həmin gün 31 və 27 yaşlı iki kişi kanat yolundan yıxılaraq yerindəcə ölmüşdü.

Prokurorluğa görə, sahibkar Ramiz Hüseynov qüllənin tikintisini müvafiq lisenziyası və təhsili olmayan Abasət Paşayevə şifahi tapşırıb. Qüllənin dəmir konstruksiyası əyilib, kanatlar dalğalanıb və sürüşməni təmin edən qurğu kanatdan çıxıb. Sonra kustar üsulla hazırlanmış əyləc və təhlükəsizlik vasitəsinin parça hissəsi də cırılıb.

Noyabrın 2-də Hüseynova səhlənkarlıq, Paşayevə isə ehtiyatsızlıqdan iki nəfəri öldürmə ittihamı elan olunub. Şəki Rayon Məhkəməsi hər ikisi barəsində həbs seçib. Onların və vəkillərinin mövqeyi açıqlanmayıb.

Hadisədən sonra mediada kanatın qırıldığı yazılırdı. Bakupost saytına danışan adı açıqlanmayan şahid isə sentyabrın 4-də orada olduğunu, ona “mega” kanatın təmirdə olduğunun deyildiyini, kanatın 8 sentyabrda yenidən açıldığını demişdi. Şahidin sözlərinə görə, bu kanata minmək 20 manat idi.

Leave A Reply