Ermənistanda seçici ədalət
DW nəşri yazır ki, Ermənistanda müxalifətin təqibi Avropa İttifaqı ilə münasibətlərə kölgə sala bilər. Nümunə kimi oktyabrın əvvəlində Facebook-da Baş nazir Nikol Paşinyanı tənqid etdikdən sonra həbs olunan ifrat sağçı “Adekvat” partiyasının lideri Artur Danielyanın işi göstərilir. Vəkilinin məlumatına görə, ona informasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq ittihamı irəli sürülüb.
Danielyan Paşinyanın həbsdəki azərbaycanlı hərbçinin Bakıda saxlanılan ermənilərlə dəyişdirilməsi imkanını istisna etməsindən sonra onu təhqir edən yazı paylaşıb. Ondan çox erməni vətəndaş cəmiyyəti təşkilatı işi “açıq-aydın qanunsuz, qeyri-mütənasib və siyasi motivli” adlandırıb. İyun seçkiləri zamanı Paşinyanla mübahisə edən Dağlıq Qarabağdan köçkün fəal Artur Osipyan da həbs edilib.
Yerevan Mətbuat Klubunun prezidenti Artur Papyan bunu “cəmiyyəti qorxutmaq və fərqli fikri boğmaq üçün sistemli səy” adlandırıb. “Freedom House”un 2025-ci il hesabatına görə, Cinayət Məcəlləsinin 2020-ci il düzəlişi üzrə zorakılığa çağırış işlərinin təxminən 95 faizi Paşinyana və tərəfdarlarına qarşı ehtimal olunan təhdidlərlə bağlı olub.
Avropa Şurası Parlament Assambleyası sentyabr hesabatında Ermənistanda “hüquq-mühafizə orqanlarından müxalifət namizədlərinə və fəallara qarşı gücləndirilmiş istifadə” olduğunu yazıb və “müxalifətin seçici təqibinin dayandırılmasını” tələb edib.


