Rusiyanın Vaşinqton səfiri öldü

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev 66 yaşında vəfat edib. DW-nin yazdığına görə, bu barədə noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyi Telegram kanalında məlumat yayıb. Nazirlik onu “yüksək peşəkar, parlaq amerikanist” adlandırıb, ölümün səbəbini isə açıqlamayıb.

Darçiyev 1992-ci ildən diplomatik xidmətdə olub. 2005-2010-cu illərdə Rusiyanın ABŞ-dəki səfirliyində müşavir-elçi, 2014-2020-ci illərdə Kanadada səfir işləyib, 2010-2014 və 2021-2024-cü illərdə Rusiya XİN-in Şimali Amerika departamentinə rəhbərlik edib. 2025-ci ilin əvvəlində İstanbulda ABŞ ilə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edib, həmin ilin martında Vaşinqtona səfir təyin olunub.

Rusiya XİN-in məlumatına görə, Darçiyev son dəfə sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-nin dövlət katibi Marko Rubionun görüşündə iştirak edib.

Leave A Reply