Borclu binalar istiliksiz
“Azəristiliktəchizat” ASC bildirir ki, istilik haqqını ödəməyən binalara istilik verilməyəcək. Şirkət “Report” agentliyinin sorğusuna cavabında yazıb ki, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün tikilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma var.
Şirkətin açıqladığı rəqəmlərə görə, ödəniş ən aşağı Ağcabədidədir: istifadə edilən 121,3 min manatlıq xidmətin yalnız 17,5 faizi ödənilib. Tərtərdə 255,2 min manatlıq xidmətin 24,6 faizi, Bərdədə 319,6 min manatlıq xidmətin 29,5 faizi, Bakının Sabunçu rayonundakı Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin 33,4 faizi, Sumqayıtda 173,7 min manatlıq xidmətin 41,6 faizi, Goranboyda isə 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.
Şirkət deyir ki, ödənişlərin az olması təmir və texniki xidmət işlərini çətinləşdirir, bəzən mümkünsüz edir. Onun sözlərinə görə, binanın daxilindəki istilik sistemi ortaq olduğu üçün işlərin gecikməsi vaxtında ödəyən sakinlərə də təsir edə bilər. Açıqlamada istilik verilməyən binada borcunu ödəmiş sakinlərin necə istiliklə təmin olunacağı göstərilməyib.
Bakıda və digər ərazilərdə istilik mövsümü noyabrın 15-də başlayır. Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli qərarı ilə 26 rayon və şəhərdə mövsüm noyabrın 1-də başlayıb, əvvəl bu siyahıda 9 rayon və şəhər var idi. “Azəristiliktəchizat” bu mövsüm 3 838 yaşayış binasında təxminən 178 min mənzili, 272 məktəbi, 159 uşaq bağçasını və 142 tibb müəssisəsini istiliklə təmin etməli olduğunu bildirir.


