Yardım bəyənmədən asılı olacaq
Media və Yayım Şurası onlayn media subyektlərinə və jurnalistlərə maliyyə yardımı üçün keçirdiyi müsabiqələrin qaydalarını dəyişib. Şuranın media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin APA agentliyinə müsahibəsinə görə, bundan sonra onlayn medianın yekun balının 50 faizini ekspert qiymətləndirməsi, 25 faizini saytın səhifə baxışları, qalan 25 faizini isə sosial şəbəkə göstəriciləri təşkil edəcək.
Sosial şəbəkə göstəriciləri altı platforma üzrə hesablanacaq: “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube”. Bu hissədə izləyici sayına 30 faiz, qarşılıqlı əlaqəyə, yəni bəyənmə, şərh və paylaşımlara 50 faiz, bir paylaşıma düşən orta qarşılıqlı əlaqə əmsalına isə 20 faiz çəki veriləcək. Məmmədli əsas balın ekspert qiymətləndirməsinə verildiyini və keyfiyyətli jurnalist əməyinin prioritet olaraq qaldığını deyib.
Yeni qaydalara görə, səhifə baxışları, izləyici sayı və qarşılıqlı əlaqə proqramla və ya digər vasitələrlə süni artırılarsa, həmin göstəricilər nəzərə alınmayacaq. Maliyyə yardımı verilən dövrdə saytın və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edilsə, həmin ayın yardımı dayandırılacaq və xəbərdarlıq ediləcək. Bu, ikinci dəfə təkrarlansa, müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarımillik müsabiqədə iştirak edə bilməyəcək.
Saytların texniki göstəriciləri də qiymətləndiriləcək: dizayn, istifadəçi təcrübəsi, naviqasiya, yüklənmə sürəti, mobil cihazlara uyğunluq, informasiya təhlükəsizliyi və axtarış imkanları.
Fərdi jurnalist müsabiqəsində də yenilik var. Bundan sonra jurnalistin müsabiqəyə təqdim etdiyi materialı öz şəxsi hesablarında paylaşması və həmin paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlamaların ümumi sayı da qiymətləndirmədə nəzərə alınacaq. Şura bu dəyişikliklərin medianı real auditoriyanı genişləndirməyə və rəqəmsal mühitdə fəal olmağa təşviq edəcəyini bildirir.


