Kino və teatr
Britaniyalı aktrisa Cudi Denç görmə qabiliyyətinin kəskin zəifləməsi səbəbindən artıq teatr tamaşalarında oynaya və filmlərə çəkilə bilmədiyini açıqlayıb.
BBC Radio 4 xəbər verir ki, 91 yaşlı aktrisa makulyar degenerasiya diaqnozundan on ildən çox vaxt keçdikdən sonra səhhəti ilə bağlı son vəziyyəti bölüşüb. Denç müsahibəsində bildirib: “Mən artıq səhnədə ola bilmirəm, tamaşada oynaya bilmirəm, daha filmə çəkilə bilmirəm. Artıq oxuya da bilmirəm”.
Denç müsahibə zamanı qarşısında oturan müxbirin üzünü görə bilmədiyini deyib. Zəifləyən görmə qabiliyyəti ilə həyatına necə davam etməsi barədə suala o, bununla barışmaq məcburiyyətində qaldığını söyləyib. Aktrisa insanları tanımaqda da çətinlik çəkdiyini, bəzən tanıdığını düşündüyü şəxslərə yaxınlaşıb salamlaşdıqdan və qucaqladıqdan sonra yanıldığını anladığını bildirib.
Görmə qabiliyyətini itirməsi barədə ilk dəfə 2012-ci ildə danışan Denç, 2025-ci ildə İan MakKellenlə birlikdə ITV-yə verdiyi müsahibədə də oxuya, televizora baxa və insanları tanıya bilmədiyini qeyd etmişdi. 2023-cü ildə isə o, fotogenik yaddaşı olmasına baxmayaraq ssenariləri əzbərləməyin artıq mümkünsüz hala gəldiyini vurğulamışdı.
Teatr, film və televiziya sahəsində yetmiş illik fəaliyyəti olan Denç “Oskar”, “Toni” və yeddi “Olivye” mükafatı qazanıb. O, səhnədə Cülyetta, Ledi Maqbet və Kleopatra rollarını, kinoda isə səkkiz “Ceyms Bond” filmində “M” obrazını canlandırıb. Görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, aktrisa bu il nümayiş olunan “The Magic Faraway Tree” filmində texnoloji soyuducu personajını səsləndirib.


