Kino xəbərləri

Rejissor Piter Cekson Stiven Spilberqin 15 il əvvəl nümayiş olunmuş “The Adventures of Tintin” filminin uzun müddətdir planlaşdırılan davamını lentə alacağını bildirib.

Screen Rant xəbər verir ki, son illərdə “They Shall Not Grow Old” və “Get Back” sənədli filmlərini hazırlayan Cekson bu barədə Kataloniyada keçirilən Sitges Film Festivalında 2026-cı il Fəxri Qran-pri mükafatını alarkən məlumat verib.

Cekson çıxışında prodüserlik etdiyi digər layihələri də qeyd edərək deyib: “Ssenari mərhələsində olan ‘The Shadow of the Past’ layihəmiz var. ‘The Hunt for Gollum’ filminin çəkilişləri demək olar ki, yekunlaşıb. Zənnimcə, çəkilişlərin başa çatmasına iki həftəyə yaxın vaxt qalıb. Həmçinin artıq ‘Tintin 2’nin, yəni ikinci Tintin filminin ssenarisini yazmışıq. Növbəti çəkəcəyim film bu olacaq”.

Screen Rant qeyd edir ki, ABŞ xaricində “The Secret of the Unicorn” adı ilə təqdim edilən ilk film beynəlxalq bazarda 296 milyon dollar, daxili bazarda isə 77 milyon dollar gəlir əldə etmişdi. Əvvəlki plana əsasən, birinci filmdə Cekson prodüser, Spilberq rejissor olmuşdu və “The Seven Crystal Balls” ilə “Prisoners of the Sun” hekayələrini əhatə edəcək davam filmində onların rolları dəyişməsi nəzərdə tutulsa da, bu indiyədək baş verməmişdi.

Mənbə bildirir ki, 2020-ci ildə Erjenin 1963-cü ilə aid “The Castafiore Emerald” komiks albomunun Fransada bədii film adaptasiyası ilə bağlı qısa müzakirələr aparılsa da, həmin layihə davam etdirilməyib.

Leave A Reply